...

Pekin bəzi ABŞ məhsullarına tətbiq edilən 125%-lik tarifləri ləğv etməyi nəzərdən keçirir

Dünya xəbərləri Materials 25 Aprel 2025 08:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin hökuməti ABŞ-dən idxal olunan bəzi məhsullara tətbiq etdiyi 125%-lik tariflərin ləğvini və ya azaldılmasını nəzərdən keçirir.

Trend-in “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, hazırda Pekin və Vaşinqton arasında aparılan danışıqlarda tibbi avadanlıq və etan kimi bəzi sənaye kimyəvi maddələrinə qoyulan əlavə rüsumların ləğvi müzakirə olunur. Eyni zamanda, təyyarələrin lizinqi sektoruna tətbiq edilən tariflərin də azaldılması gündəmdədir.

Qeyd olunur ki, tariflərin azaldılması planlaşdırılan sahələrin siyahısı hələ tam formalaşmayıb və danışıqlar davam edir.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazidən idxal olunan məhsullara yeni gömrük rüsumlarının tətbiq ediləcəyini açıqlamışdı. Bu çərçivədə 10%-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib. Eyni zamanda Tramp bəzi ölkələrə qarşı əlavə tarif tədbirlərinin 90 gün müddətinə dayandırıldığını elan etmişdi.

Bununla belə, bu güzəştlər Çinə şamil olunmayıb. Hazırda ABŞ-nin Çin məhsullarına tətbiq etdiyi ümumi tariflər 145%-ə, Çinin cavab olaraq tətbiq etdiyi tariflər isə 125%-ə çatır. Bu fondda Pekinin rüsumları yumşaltmaq cəhdi iki ölkə arasında gərgin ticarət münasibətlərini bir qədər yüngülləşdirməyə yönəlmiş addım kimi qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti