Bakı. Trend:
“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla Dialoq” analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb. Bu dəfə studiyanın qonağı Azərbaycanın xalq artisti, Səməd Vurğun adına Rus Dram Teatrının bədii rəhbəri Aleksandr Şarovski olub.
Trend xəbər verir ki, söhbət zamanı A.Şarovski erməni politoloqlardan birinin çıxışına istinad edib və onun öz rəhbərliyini sərt tənqid atəşinə tutmasına təəcübləndiyini gizlətməyib.
“O deyirdi ki, Azərbaycan öz işini dəqiq və ardıcıl şəkildə görür. Bəs Ermənistan? Balaca uşaq kimi onun başını aldadan Qərbə inanır”, - deyə qonaq bildirib.
A. Şarovski dəfələrlə sülh şəraitində bərabər yaşayış və mehriban qonşuluq mövzusuna toxunub. Onun sözlərinə görə, belə bir vəziyyət yaxın keçmişdə bir həqiqət olub.
Tanınmış rejissor cəmiyyəti tarixi aldatma vəziyyətindən çıxarmaq üçün məsuliyyəti məhz erməni elitası üzərinə götürməli olduğuna əmin olduğunu bildirib:
“O zaman ki, onların gözlərindən qan çaları yox olacaq və ətraflarına real baxacaqlar — bəlkə onda öz xalqlarını bizimlə razılığa aparacaqlar”.
Şarovski multikulturalizm mövzusuna xüsusi diqqət yetirərək, bu fenomenin, onun təbirincə desək, “kök salmadığı” Avropa ölkələrindən fərqli olaraq, azərbaycanlı kimliyində dərin kök saldığını vurğuladı.
“Azərbaycanda bu, uşaqlıqdan başlayır — həyətdən, məktəbdən. Bu, Qərbin qəbul etmədiyi böyük bir peyvənddir”, — deyə o bildirib və Multikulturalizm Mərkəzinin fəaliyyətini, həmçinin bu sahənin ölkənin universitetlərində tədrisini xatırladıb.
İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq əhval-ruhiyyəni qiymətləndirən Şarovski bildirib ki, Azərbaycanın xaricdəki imici əhəmiyyətli dərəcədə dəyişib:
“Əvvəllər Ermənistanın təbliğat maşını Azərbaycana insanlıqdan uzaq bir ölkə imici yaradırdı. Amma indi insanlar bura gələndə — çiçəklənən bir respublika görürlər. Ermənistanda isə — dağıntılar. Onların yalanı ifşa olunub”.
O, Azərbaycana qarşı aparılan genişmiqyaslı maliyyə və təbliğat cəhdlərini kəskin tənqid edərək onları “çirkli oyun” adlandırıb və qeyd edib ki, bunlar heç bir nəticə vermir. Şarovski xüsusilə erməni millətçiliyi mövzusuna sərt qiymət verərək, onu “erməni cəmiyyətini bürüyən pandemiya” kimi qələmə verib.
“Biz bu xəstəliyin residivlərini, onun işartılarını görmüşük. Və hal-hazırda temperatur düşmür. İnsanlar bu məğlubiyyətdən kor olublar, onlar dünyaya nifrət prizmasından baxırlar”, -deyə o vurğulayıb. Onun sözlərinə görə, məğlubiyyətlərini etiraf etməsələr və revanşist xam-xəyallardan vaz keçməsələr real siyasi gündəm yaratmaq mümkün olmayacaq.
“Onlar özünü tənqid hissini itiriblər. Biz özümüzə aid olanı götürmüşük, sizinkinə toxunmuruq. Bu bizim ölkədir. Əvvəl axır, faşist eynəyini yox, insan eynəyini taxın”, - o deyib.
Şarovski bəzi erməni elita dairələrində hələ də qorunub saxlanan revanşist əhval-ruhiyyəni qətiyyətlə pisləyərək, bunu həm siyasi, həm də mənəvi cəhətdən yolverilməz hesab etdi.
“Bununla barışmaq olmaz. Onlar hitlerçilərin yolunu təkrar edirlər, Qaregin Njdeyi tərifləyirlər. Bu artıq siyasət deyil — bu, ermənilərin özlərinə qarşı törədilən cinayətdir”, - deyə o bildirib.
A.Şarovski qeyd edib ki, gerçək gələcək yalnız “keçmişin qapısından” imtina etməklə və sağlam düşüncəyə keçidlə mümkündür. “Onları hələ də nifrət kor edir - bu halda heç nə alınmayacaq. Amma ümid var - aydın düşünməyə başlayanlara, xalqı irəli aparacaq, uçuruma yox, qabağa yönəldəcək adamlara”, - deyə o yekunlaşdırıb.