Bakı. Trend:
Aprelin 23-24-də Bakıda Azərbaycanla Latviya arasında beynəlxalq avtomobil daşımaları sahəsində Qarışıq Komissiyasının növbəti iclası keçirilib.
Trend xəbər verir ki, bu barədə bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, tədbirdə iki ölkə arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarının cari vəziyyəti, daşımalardakı problemlər və onların həlli yolları müzakirə edilib. Hər iki ölkə daşıyıcılarının beynəlxalq yükdaşımalarında iştirakının artırılması məqsədilə ikitərəfli əsasda mübadilə edilən “İcazə” blanklarının illik kvotasının 2 dəfə artırılması barədə razılıq əldə olunub. Həmçinin müxtəlif növ daşımaların daha çevik həyata keçirilməsinə şərait yaradılması məqsədilə yeni növ ikitərəfli/tranzit/3-cü ölkəyə/ölkədən “İcazə” blankı mövcud icazələrin siyahısına daxil edilib. Beləliklə, Latviya ilə 1000 ədəd ikitərəfli/tranzit və 300 ədəd ikitərəfli/tranzit/3-cü ölkəyə/ölkədən “İcazə” blanklarının mübadilə edilməsi razılaşdırılıb.
Eyni zamanda, Azərbaycan, Türkiyə və Özbəkistan arasında uğurla tətbiq olunan “İcazə” blanklarının elektron qaydada mübadiləsinə və verilməsinə imkan verən “e-Permit” sistemi nümayəndə heyətinə təqdim olunub. Latviya ilə də “İcazə” blanklarının yaxın gələcəkdə elektron şəkildə mübadilə edilməsi istəyi məmnunluqla ifadə edilib.
Bununla yanaşı, Latviya nümayəndə heyəti AYNA-nın Sürücü Təlim Mərkəzində sürücülərin nəzəri və praktiki hazırlıq prosesi ilə tanış olub.