...

Hərbi avadanlığın mülki təyyarələrlə daşınmasına icazə verilməsi qaydası təsdiqləndi

Cəmiyyət Materials 25 Aprel 2025 15:56 (UTC +04:00)
Hərbi avadanlığın mülki təyyarələrlə daşınmasına icazə verilməsi qaydası təsdiqləndi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Hərbi avadanlığın (ləvazimatların), hərbi avadanlıq (ləvazimatlar) hesab edilməyən təhlükə potensiallı, o cümlədən xüsusilə təhlükəli yüklərin (malların) mülki və eksperimental hava gəmiləri ilə daşınmasına icazə verilməsi Qaydası" təsdiq edilib.

Trend xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Mülki və eksperimental hava gəmiləri ilə hərbi avadanlığın (ləvazimatların) daşınması mülki eksperimental və mülki aviasiyaya münasibətdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin (bundan sonra – Agentlik), dövlət eksperimental aviasiyasına münasibətdə isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra - Müdafiə Nazirliyi) icazəsi ilə həyata keçirilir.

Bu Qaydada nəzərdə tutulmuş icazə üçün ərizəçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada ərizə təqdim edir və ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

malalan (malgöndərən) və son istifadəçi haqqında məlumat;

bağlanılmış müqavilənin (kontraktın) surəti;

icazə şərtlərinin yerinə yetirilməsini təsdiq edən bu Qaydanın 6.2-ci bəndinə uyğun olaraq alınmış digər sənədlər;

mülki hava gəmilərinin istismarçısına münasibətdə Agentlik tərəfindən verilmiş istismarçı sertifikatının surəti;

Bu Qaydada qeyd edilmiş ərizəyə əlavə edilməli olan sənədlərin (məlumatların) Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər (məlumatlar) ərizəçidən tələb edilmir. Belə sənədlərin (məlumatların) Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Təqdim edilmiş sənədlər 30 (otuz) gün müddətində yoxlanılaraq baxılır və çatışmazlıqlar aşkar edilmədikdə ərizəçiyə icazə verilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 5 (beş) gündən gec olmayaraq rəsmi və ya elektron qaydada məlumat verilir, həmin çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra sənədlərə yenidən baxılır və müvafiq qərar qəbul edilir. Çatışmazlıqlar aradan qaldırılmadığı halda müraciət baxılmamış saxlanılır.

Təqdim olunmuş sənədlərə baxılması zamanı faktiki hallarla bağlı sualları izah etmək üçün bu Qaydaya uyğun olaraq icazə verən orqan tərəfindən ərizəçinin vəsatəti və ya öz təşəbbüsü ilə sənədlər ekspert rəyinin alınması üçün aidiyyəti dövlət orqanına (qurumuna) və ya müəssisəyə göndərilir. Rəyin verilməsi 7 (yeddi) gün müddətində həyata keçirilməlidir. Aidiyyəti dövlət orqanı (qurumu) və ya müəssisənin əsaslandırılmış müraciəti ilə həmin müddət 20 (iyirmi) gündən çox olmayan müddətə uzadıla bilər. Bu müddət ərzində rəy bildirilmədikdə, müsbət verilmiş hesab olunur.

İcazə verilməsindən aşağıdakı hallarda imtina edilir:

icazənin verilməsi Azərbaycan Respublikasının milli təhlükəsizliyinə, siyasi, hərbi və iqtisadi maraqlarına, o cümlədən uçuşların təhlükəsizliyinə və aviasiya təhlükəsizliyinə zərər gətirə bildiyi halda;

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə öhdəliklərə riayət edilmədikdə və ya riayət edilməməsinə ehtimal edildikdə;

təyinat ölkəsi Azərbaycan Respublikasının qarşısında öz öhdəliklərini yerinə yetirmədikdə;

Azərbaycan Respublikasının ərazisindən tranzit ərazisi kimi istifadə etməklə, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə toxunan ölkələrin ərazilərinə, habelə əks istiqamətdə hərbi avadanlığın (ləvazimatların) keçirilməsi ehtimalı olduqda;

səhv və ya təhrif olunmuş məlumatların təqdim edildiyi aşkar olunduqda.

Xəbər lenti

Xəbər lenti