...

Bakıda “Konstitusiya və Suverenlik” - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib (FOTO) (YENİLƏNİB)

İqtisadiyyat Materials 25 Aprel 2025 10:17 (UTC +04:00)
Bakıda “Konstitusiya və Suverenlik” - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib (FOTO) (YENİLƏNİB)
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

"Gülüstan" sarayında "Sahibkarlar Günü"nə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş “Konstitusiya və Suverenlik” - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib.

Trend xəbər verir ki, konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin İcraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, "PAŞA Holding" MMC-nin Qrup üzrə Hüquq və Komplayens Departamentinin direktoru, Hüquq üzrə fəlsəfə doktoru Aytac Qasımova və media nümayənələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov çıxışında deyib ki, Azərbaycana xarici investisiyaların axınının təmin edilməsi əsas vəzifələrdən biridir.

O, qeyd edib ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəlidir, nəqliyyat, bank, tikinti və digər sahələr öz inkişafını tapıb: "Son zamanlar bir sıra qanunların qəbul edilməsi, o cümlədən emissiyalar və dövlət-özəl tərəfdaşlığı haqqında, arbitraj haqqında qanunların qəbul edilməsi Azərbaycanda xarici investisiyaların təşviqi istiqamətində mühüm rol oynayıb".

Daha sonra iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək bildirib ki, bu gün rəqəmsal iqtisadiyyat ölkəmizin əsas iqtisadi istiqamətlərdəndir.

Onun sözlərinə görə, gələcəyin trendlərinə uyğun biznes strategiyaları qurulmalı, insan resursları daha da inkişaf etdirilməlidir: "Müasir texnologiyalardan istifadə, məhsul və xidmətlərdə yenilikçi yanaşmaların tətbiqi mühümdür. Bu kontekstdə gənc sahibkarların təşəbbüsləri dəstəklənir, startap ekosisteminin gücləndirilməsinə, eləcə də yaşıl layihələrə xüsusi diqqət yetirilir.

İqtisadiyyatımızın diversifikasiyası baxımından əhəmiyyət kəsb edən Ələt Azad İqtisadi Zonası da mərhələli şəkildə investorların istifadəsinə verilir. Ələt Azad İqtisadi Zonasında mövcud əlverişli şərait, təklif olunan güzəştlər bura olan marağı artırır".

O əlavə edib ki, bu ay İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Çinə təşkil edilmiş səfər çərçivəsində Çin şirkətləri ilə imzalanmış investisiya layihələrinin ümumi həcmi təxminən 335 milyon ABŞ dolları təşkil edir ki, bu da ölkəmizin iş adamları üçün yeni fürsətlər yaradır:

"Ölkəmizin investisiya mühitini inkişaf etdirmək məqsədilə Özbəkistan, Qırğızıstan, Qazaxıstan, BƏƏ ilə birgə investisiya fondları yaradılıb: "Həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən təsis olunan Türk İnvestisiya Fondu qarşılıqlı iqtisadi əməkdaşlığı gücləndirmək, strateji sahələrə investisiyaları artırmaq və regional inkişafı dəstəkləmək məqsədi daşıyır.​ Sahibkarlar təşəbbüslərini artıraraq, bu beynəlxalq maliyyə mexanizmlərindən faydalana, tərəfdaş ölkələrlə birgə layihələr icra edə, bizneslərini genişləndirə bilərlər.

Ölkəmizin xarici iqtisadi-ticarət əlaqələrinin genişlənməsi də sahibkarlarımız üçün əlavə imkanlar açır. Elə bu günlərdə ölkə başçısının Çinə səfəri çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlığın Genişləndirilməsi haqqında Bəyannamənin imzalanması, vizasız rejimin tətbiqi, həmçinin, hüquq, yaşıl inkişaf, alternativ enerji, rəqəmsal iqtisadiyyat, intellektual mülkiyyət və aerokosmik sahələrdə 20-yə yaxın əməkdaşlıq sənədinin imzalanması Azərbaycanın Asiya bazarına çıxması, regionu yaxından tanıması və yeni əməkdaşlıqlar qurması baxımından çox əhəmiyyətlidir".

Öz növbəsində Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev əlavə edib ki, bu ilin yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanda 1.4 milyondan çox fərdi sahibkar qeydiyyata alınıb.

O qeyd edib ki, bundan əlavə, 212 mindən artıq hüquqi şəxs statusuna malik sahibkarlıq subyekti fəaliyyət göstərir: "Bu da əvvəlki illə müqayisədə 7,1% artım deməkdir. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyəti sürətlə inkişaf etməkdədir.

Sahibkarların qarşılaşdığı məsələlərin operativ şəkildə həllinə nail olmaq üçün yaradılan əlverişli mexanizmlərdən biri də Əməkdaşlıq Şuralarıdır. Hazırda Konfederasiyanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Mərkəzi Bankı, Dövlət Gömrük Komitəsi ilə Əməkdaşlıq Şuraları fəaliyyət göstərir. Bu Şuralar sahibkarların qaldırdıqları məsələlərin həllində müstəsna rola malikdir və dövlət-özəl dialoqunun ən işlək mexanizmlərindən biridir".

Xəbər lenti

Xəbər lenti