Bakı. Trend:
Aprelin 24-də Bakıda Roma Papası Fransiskin ruhuna Müqəddəs Messa ayini keçirilib.
Trend xəbər verir ki, Azərbaycandakı Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete ayinə Bakının əsas katolik məbədi olan “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” kilsəsində rəhbərlik edib.
Yepiskop Vladimir Fekete ayin zamanı ibadət edənlərə mərhum pontifikin həyatı və xidmətləri haqqında moizə ilə müraciət edib.
O, Fransiski nümunəvi dini lider kimi xarakterizə edib, onun Azərbaycana etdiyi səfəri və ölkədə Katolik Kilsəsinə göstərdiyi dəstəyi xüsusi vurğulayıb.
Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də 88 yaşında insult və onun ardınca baş verən “geri dönüşü olmayan ürək-damar kollapsı” nəticəsində vəfat edib.
Əslən Argentinadan olan Roma Papası Fransisk (əsl adı Xorxe Mario Berqolyo) 2013-cü ildə Vatikanın müqəddəs taxtına çıxmışdı. O, dünyanın müxtəlif ölkələrinə 30-dan çox apostol səfəri etmiş, sadə insanlarla birbaşa ünsiyyətdə olmuş və görüşlərin sadə və xüsusi təhlükəsizlik tədbirləri olmadan keçirilməsini tələb etmişdi.
“Roma Papası Fransiskin timsalında beynəlxalq ictimaiyyət və dünyanın katoliklik icması yüksək mənəvi keyfiyyətlərə malik, həyatını insanlığa fədakar xidmətə həsr etmiş görkəmli dini xadimi və böyük şəxsiyyəti itirdi”, - deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu, Zati-aliləri kardinal Kevin Farrelə ünvanladığı məktubda qeyd olunub.