bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təşkil olunan ilk “Dizayn Həftəsi” beş gün davam edən intensiv və faydalı tədbirlər silsiləsi ilə başa çatıb. Tədbir universitetin 50 illik yubileyi və Dizayn fakültəsinin yaranmasının birinci ildönümü münasibətilə təşkil olunub. Bu möhtəşəm həftə tələbələr və sahə üzrə mütəxəssislər üçün yaradıcılıq və peşəkarlığı bir araya gətirən məhsuldar bir platforma rolunu oynayıb.
Bağlanış mərasimində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud və Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədov və digər qonaqlar, universitetin professor-müəllim heyəti iştirak ediblər.
Dizayn fakültəsinin dekanı dosent Fərid Kərimov mərasimi açıq elan edərək gələn qonaqları salamlayıb. Fakültənin yaranma tarixindən, keçdiyi inkişaf yolundan və bir il ərzində əldə etdiyi uğurlardan söhbət açıb.
Sonra söz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
İdarə Heyətinin sədri Rüfət Mahmuda və Dənizkənarı Bulvar
İdarəsinin İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədova verilib.
Qonaqlar çıxışlarında dizayn sahəsində peşəkar gənclərə olan
ehtiyacı vurğulayaraq AzMİU-nun bu istiqamətdəki təşəbbüslərini
yüksək qiymətləndiriblər.
Mərasimin sonunda Dizayn fakültəsinin yaradılmasında əməyi keçən
bir neçə şəxsə təşəkkürnamələr təqdim olunub. Mərasim çərçivəsində
fakültənin tələbələrinin əl işlərindən ibarət satış sərgisi təşkil
olunub. Əl işlərinin böyük əksəriyyəti hərrac vasitəsilə satılıb,
bu da tələbələrin yaradıcılıq işlərinə olan marağın və dizayn
məhsullarının bazar dəyərinin yüksək olduğunu bir daha nümayiş
etdirib.
Həftə boyunca universitetdə bir sıra maraqlı və faydalı tədbirlər həyata keçirilib. Tələbələrin əl işlərindən ibarət sərgilər, ustad dərsləri, interaktiv təqdimatlar, “Açıq Qapı Günü” və panel müzakirələr “Dizayn Həftəsi”nin əsas istiqamətlərini təşkil edib.
Ustad dərsləri çərçivəsində fotoqrafiyanın dizayn sahəsindəki
rolu, yaşıl dizayn və maketləşdirmə prinsipləri, kiçik ölçülü mebel
avadanlıqlarının tətbiqi kimi aktual mövzularda peşəkar təqdimatlar
keçirilib. “Açıq Qapı Günü” tədbirində isə abituriyentlər və
valideynlər, universitetin dizayn fakültəsi ilə yaxından tanış
olmaq imkanı əldə ediblər.
Tədbirin son günlərindən birində təşkil olunan “Təhsildə süni
intellekt alətlərindən istifadə” mövzusundakı panel müzakirəsi isə
innovativ yanaşmalar və gələcəyə dair baxışlarla diqqət çəkib.
Paneldə, süni intellektin dizayn təhsilindəki tətbiqi, bu sahədə
mövcud imkanlar və perspektivlər geniş şəkildə müzakirə olunub.
AzMİU-da ilk dəfə keçirilən “Dizayn Həftəsi” universitetin yaradıcılıq potensialını, tələbələrin bacarıq və təşəbbüskarlığını üzə çıxarmaqla yanaşı, ölkədə dizayn təhsilinin inkişafına yeni bir nəfəs gətirib. Bu cür tədbirlər, gələcəkdə dizayn sahəsinin peşəkarlarını yetişdirmək və bu sahənin inkişafına töhfə vermək məqsədini daşıyır.