Bakı. Trend:
Azərbaycan ərazisindən keçən logistik dəhlizlərin inkişafı Asiya ilə ticarətin artmasına töhfə verir.
Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumunda AGB Energy Group-un baş direktoru Sergey Revin deyib.
O qeyd edib ki, Əfqanıstanda bir neçə logistik marşrut var, onlar mürəkkəb olsa da, potensial olaraq maraqlı ola bilər.
Bununla belə, onun sözlərinə görə, Əfqanıstan ərazisindən yüklərin daşınması bir çox maneələrlə, o cümlədən, dağlıq ərazi, bağlı keçidlər və təhlükəli ərazilərlə üzləşir. Vəziyyətin daimi qeyri-sabitliyi səbəbindən Məzari-Şərifdən keçən marşrut xüsusilə çətindir.
Revin əlavə edib ki, maraqlı marşrutlardan biri də Qazaxıstandan Türkiyəyə dəmir yolu bağlantısıdır. Bununla belə, təkər cütlərinin dəyişdirilməsini tələb edən dəmir yolu ölçülərinin fərqi ilə bağlı problemlər, həmçinin, daşınmanı çətinləşdirən ölçü məhdudiyyətləri var. Eyni zamanda, Azərbaycan vasitəsilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı müzakirə olunur ki, bu, ekspertin fikrincə, Hind okeanı regionlarına və daha sonra Avropaya çatdırılma üçün mühüm həlqə ola bilər.
O vurğulayıb ki, çoxsaylı çətinliklərə baxmayaraq, bu cür marşrutlar Pakistan, Hindistan və digər Asiya ölkələrinin inkişaf etməkdə olan bazarları ilə ticarətin inkişafına kömək edə bilər. Üstəlik, Əfqanıstan, siyasi qeyri-sabitliyə baxmayaraq, xüsusilə Kabil ətrafındakı dağlıq ərazilərdə zəngin təbii sərvətlərinə görə iqtisadi inkişaf üçün böyük potensiala malikdir.
Revin Azərbaycan və İran arasında dəmir yolu marşrutlarının inkişafının vacibliyini də qeyd edib. Xüsusilə, o, genişləndirilə bilən mövcud dəhliz çərçivəsində Rusiya mallarının İranın şimal limanları vasitəsilə daşınmasını qeyd edib. O, bu marşrutların inkişafının regionda ticarət və logistika üçün yeni perspektivlər açacağına əminliyini ifadə edib.
Onun sözlərinə görə, belə marşrutların uğurla fəaliyyət göstərməsi üçün ya yeni yollar çəkmək, ya da yüklərin səmərəli idarə olunması üçün sərhəddə yükdaşıma terminalları yaratmaq lazımdır ki, bu da daşıma proseslərini xeyli sürətləndirəcək və xərcləri azaldacaq.