...

Azərbaycanın sığorta şirkətinin biznesinin 10 faizi regionların payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2010 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın sığorta şirkəti "Alfa Sığorta"nın regionlardakı biznesinin payı 10 faizə yaxındır. Bu barədə cümə axşamı jurnalistlərə şirkətin Direktorlar Şurasının sədri Xəyal Məmmədxanlı deyib.

Onun sözlərinə görə, regionlarda hər ay sığorta biznesinin 3-5 faiz səviyyəsində artımı müşahidə edilir.

"Biz regionlardakı biznesə portfelin böyük artımı baxımından yanaşmırıq. İndi bizim üçün əsas regionlarda iştirakdır. Gələcəkdə biz regionlar üçün məhsullar hazırlayacağıq və onları satışa çıxaracağıq", - Məmmədxanlı qeyd edib.

Onun sözlərinə görə, ölkə regionlarında əhalinin sığortaya olan inamı ilə bağlı vəziyyət paytaxtdakından daha müsbətdir.

"İndi bizim Şirvan, Gəncə-Yevlaz zonası, Xaçmaz, Şəki və Lənkəranda nümayəndəliklərimiz var. İlin sonunadək yeni nümayəndəliklərin açılması planlaşdırılmır", - Məmmədxanlı vurğulayıb.

Şirkətin uzunmüddətli strateji planına əsasən, 2015-ci ilədək bütün ölkədə nümayəndəliklərin açılması planlaşdırılır.

Yanvar-oktyabrda "Alfa Sığorta" sığorta şirkəti 1,9 milyon manatdan çox sığorta haqqı yığıb ki, bu da ötən ilin analoji dövr göstəricisindən 125 faiz çoxdur.

"Alfa Sığorta" ASC-nin təsisçisi 2006-cı ilin dekabrında şirkətin səhmlərinin 100 faizini alan yerli "Texnikabank" ASC-dir.

"Alfa Sığorta" sığorta xidmətinin 30 növü, o cümlədən 6 icbari və 24 könüllü növü üzrə xidmət göstərmək üçün lisenziyaya malikdir. Şirkətin nizamnamə kapitalı 3,1 milyon manat təşkil edir.

Noyabrın 11-nə olan rəsmi məzənnə 0,8 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti