...

Azərbaycan və Latviya kənd təsərrüfatında gələcək əməkdaşlıq üçün prioritetləri müəyyənləşdiriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2012 18:26 (UTC +04:00)
Cari ilin yanvar-mart aylarında Azərbaycan Latviyadan 1,26 milyon dollar dəyərində ərzaq məhsulu idxal edib.
Azərbaycan və Latviya kənd təsərrüfatında gələcək əməkdaşlıq üçün prioritetləri müəyyənləşdiriblər

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir Ə.Həsənov/

Cari ilin yanvar-mart aylarında Azərbaycan Latviyadan 1,26 milyon dollar dəyərində ərzaq məhsulu idxal edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov latviyalı həmkarı xanım Strauyuma Laimdota ilə görüşünün yekunları ilə bağlı bildirib.

"Ötən il Azərbaycan Latviyadan 4,75 milyon dollar, Latviya isə analoji dövrdə ölkəmizdən 864 min dollar məbləğində ərzaq məhsulu idxal edib", - nazir deyib.

Kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın cari səviyyəsinin müzakirəsi zamanı tərəflər onun inkişafı üçün gələcək addımları müəyyənləşdiriblər:

- Latviyanın həm postsovet, həm də Avropa İttifaqının üzv ölkəsi olduğunu nəzərə alaraq, kənd təsərrüfatının müxtəlif prioritet sahələrində, o cümlədən qida təhlükəsizliyi, standartları və keyfiyyəti üzrə, baytarlıq və fitosanitariya sahələrində Avropa İttifaqının tələblərinə uyğunlaşma üzrə təcrübə mübadiləsi və bu istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi;

- "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında saziş"in imzalanmasının sürətləndirilməsi;

- "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in imzalanmasının sürətləndirilməsi;

- Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, sertifikatlaşdırılması və marketinqinin təşkili üzrə məlumat mübadiləsi;

- Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin genişləndirilməsi;

- Toxumçuluq, tingçilik və yeni seleksiya sortlarının sınağı sahəsində təcrübə mübadiləsi;

- Kənd təsərrüfatı heyvanlarının süni mayalama mərkəzlərinin fəaliyyət mexanizmi, damazlıq və seleksiya işlərinin qurulması, heyvanların qeydiyyatı sahəsində təcrübə mübadiləsi;

- Hər iki ölkədə istehsal və emal olunan kənd təsərrüfatı məhsullarının birgə sərgi-satış yarmarkalarının və biznes forumlarının keçirilməsi;

- Hər iki ölkənin aqrar yönümlü elmi-tədqiqat və ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin yaradılması.

Bu gün görüşün yekunları üzrə Azərbaycan və Latviyanın kənd təsərrüfatı nazirləri qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Xəbər lenti

Xəbər lenti