...

Azərbaycanda vergi cinayətlərinin istintaqı 2 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2015 16:50 (UTC +04:00)
2014-cü il ərzində də ölkədə ümumilikdə 32 milyon 950 min 452,94 manat məbləğində vergidən yayınma üzrə 49 cinayət işi açılıb.
Azərbaycanda vergi cinayətlərinin istintaqı 2 dəfə artıb

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Azad Həsənli/

2014-cü il ərzində də ölkədə ümumilikdə 32 milyon 950 min 452,94 manat məbləğində vergidən yayınma üzrə 49 cinayət işi açılıb. Trend xəbər verir ki, bu barədə Vergilər Na­zir­liyi yanında Vergi Cinayət­lərinin İbtidai Araşdırıl­ma­sı Departamentinin rəisi Vidadi Məmmədovun ­"Vergilər" qəzetində dərc olunmuş müsahibəsində deyilir.

Onun sözlərinə görə, həmin şəxslərdən 9-u barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilərək cinayət işləri ittiham aktı ilə məhkəməyə göndərilib: "Bir epizod üzrə cinayət işinin istintaqı zamanı müəssisə rəhbərinin evində axtarış-istintaq hərəkəti aparılıb. İstintaq zamanı 100-ə yaxın müəssisənin təsis sənədləri, həmin müəssisələrə dair ciddi hesabat blankları, möhürlər götürülüb. Müəyyən edilib ki, şəxs müxtəlif ərazi vergi orqanlarında ayrı-ayrı şəxslərin adlarına müəssisələr təsis etdirib və öz yaxın qohumlarını direktor vəzifəsinə təyin etdirərək banklarda aparılmış əməliyyatlara görə daxil olmuş pul vəsaitlərini özü götürərək vergi orqanına bəyannamə təqdim etməyib. Həmin şəxs şübhəli şəxs qismində saxlanılaraq məhkəmənin qərarı ilə həbs edilib".

V.Məmmədov qeyd edib ki, ötən ərzində departamentə daxil olmuş 1024 material üzrə 971 cinayət işi başlanıb ki, bu da 2013-cü ilin göstəricisindən 452 cinayət işi çoxdur: "Vergiləri dövlət büdcəsinə ödəməkdən yayınan şəxslərlə bağlı ötən il departamentin İstintaq idarəsində 395 cinayət işi 125 nömrə altında birləşdirilərək ittiham aktları ilə məhkəməyə göndərilib: bunlardan 72-si 2014-cü ildə, 31-i 2013-cü ildə, 22-si isə əvvəlki illərdə başlanmış cinayət işləridir. Ümumilikdə ötən il vergi hüquqpozmaları nəticəsində 134 nəfər cinayət məsuliyyətinə cəlb edilib. İl ərzində 36 nəfər şübhəli şəxs qismində tutulub, 26 nəfər barəsində isə həbs qətimkan tədbiri seçilib".

Bundan başqa, departamentə daxil olmuş material və başlanmış cinayət işləri üzrə dövlət büdcəsinə dəymiş ziyan tam şəkildə ödənildiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsi ilə 340 prosessual qərar qəbul edilərək metariallar üzrə cinayət işinin başlanması rədd edilib, başlanmış cinayət işləri üzrə icraata xitam verilib.

Departamentin rəisi əlavə edib ki, başlanmış cinayət işləri ilə bağlı vergiödəyicilərin fəaliyyət istiqaməti üzrə təsnifata nəzər salsaq görərik ki, daha çox ixtisaslaşdırılmamış (ərzaq, məişət və digər) məhsulların alqı-satqısı, təmir-tikinti xidməti, tikinti materiallarının alqı-satqısı fəaliyyəti ilə məşğul olan şəxslər vergi ödəməkdən yayınırlar.

V.Məmmədovun sözlərinə görə, vergi cinayətlərinin ibtidai araşdırılması zamanı departamentin qarşılaşdığğı əsas çətinliklər müəssisənin rəhbərinin vergi orqanındakı baza məlumatları ilə müəssisənin bank hesablarında olan məlumatların üst-üstə düşməməsidir: "Yəni müəssisənin təsisçisi və direktoru vergi orqanının baza məlumatlarında və müəssisənin bank hesablarında müxtəlif şəxslər olur".

O, hesab edir ki, vergi cinayətlərinin qarşısının alınması və ödəyicilər tərəfindən bəyannamələrin vaxtında təqdim edilməsinin təmin olunması üçün qanunverciliyə müvafiq dəyişikliyin edilməsi zəruridir: "Təcrübə göstərir ki, müəssisənin rəhbərinin vergi orqanlarında kim olmasından asılı olmayaraq, bankda hesab açan həmin müəssisənin faktiki rəhbəri "təsisçi tərəfindən direktor təyin etmə haqqında" əmri banka təqdim etməklə digər şəxslərin bankda direktor kimi göstərilməsinə nail olur və müəssisələrin bank hesablarına daxil olmuş pul vəsaitlərini həmin şəxslər götürür. Yerli vergi orqanları isə həmin şəxslərin direktor təyin edilməsindən xəbərsiz olurlar. Aparılmış əməliyyatlar barədə məlumatlar olduqda isə vergi orqanlarında direktor kimi adı olan şəxsləri bəyannamə təqdim etmək üçün vergi orqanına dəvət edirlər. Bununla bağlı mövcud qanunvericiliyə dəyişiklik etməklə banklarda yalnız vergi orqanından verilmiş reyestrdə adı olan şəxsin direktor kimi imza nümunəsi götürülməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti