Bakı. Trend:
Ekspert Fərhad Əmirbəyov
Müəllif neft erasından sonrakı dövr üçün Azərbaycanın inkişafına dair iki müsbət ssenarini proqnozlaşdırır:
1-ci ssenari. Azərbaycanın elitası qısa müddət ərzində ölkənin başlıca inkişaf istiqamətlərini və dünya əmək bölgüsündə hansı sahə üzrə ixtisaslaşmasını müəyyən edir. Bu halda, Azərbaycan dünya səhnəsində müstəqil oyunçu olaraq qalır.
2-ci ssenari. Ölkə elitasının birinci ssenarini formalaşdırmaq və həyata keçirmək üçün məsuliyyəti öz üzərinə götürmək iqtidarında olmadığı halda, o, tərəfdaş ölkə və yaxud ümumi iqtisadi maraqları olan dövlətlər qrupu tapmalıdır. Məsələn, Sovet İttifaqı dağıldıqdan sonra Avropa ittifaqı Mərkəzi və Şərqi Avropa ölkələri üçün belə bir tərəfdaş kimi nəzərdən keçirilirdi. Bu seçim tarix, dəyərlərin yaxınlığı və ümumi sərhəddin olması ilə şərtlənirdi. Gürcüstanın Avropa İttifaqı və NATO ilə inteqrasiya sahəsində uğursuz təcrübəsini, Azərbaycanla qərb inkişaf layihəsinin iştirakçı dövlətləri arasında ümumi sərhəddin olmamasını, eləcə də, dünya okeanına çıxışı təmin edən dəniz sərhəddinin olmamasını nəzərə alaraq, bu ssenarini həyata keçirmək üçün Azərbaycanın üç istiqamətdə seçim imkanı vardır. Burada İran, Türkiyə və ya Rusiya ilə inteqrasiya (lakin birləşmə yox!) nəzərdə tutulur. Həmçinin, nəzərə almaq lazımdır ki, dünyada siyasi prioritetlər tədricən iqtisadi sahədən təhlükəsizlik sahəsinə keçid edir.
Rusiyanın Yaxın Şərqdə müharibəyə qoşulması nəticəsində Azərbaycan ona qonşu olan hər üç böyük dövlətin strateji arxa cəbhəsinə çevrildi. Bu, Azərbaycan elitasını vaxt qıtlığı ilə üz-üzə qoyur. Hadisələrin inkişafını sürətləndirən digər faktor isə neftin qiymətinin kəskin aşağı düşməsi və Azərbaycanda onun hasilatının azalmasıdır. Dövlət Neft Fondunda toplanmış valyuta ehtiyatları tükənir.
Aydındır ki, yalnız iqtisadi mühakimələrlə Azərbaycanın qarşısında duran aktual vəzifələri həyata keçirmək mümkün deyildir. Bunun üçün ictimai mühakiməyə, elitalar, biznes və cəmiyyət arasında ümumi razılığa ehtiyac vardır. Bundan başqa, yeni uzunmüddətli iqtisadi inkişaf dövrünə qədəm qoymağa imkan verəcək qərarlar qəbul edilməlidir. Çox da yüksək olmayan, lakin dayanıqlığı ilə seçilən bu inkişaf ən başlıcası ölkənin dünya əmək bölgüsü bazarında ixtisaslaşmasını dəyişməlidir.
Hər iki ssenarini həyata keçirmək üçün ölkənin Dövlət Neft Fondunun ehtiyatlarından və əhalinin əmanətlərindən dəfələrlə çox kapitala ehtiyacı olacaq.
Kapital çatışmazlığını aradan qaldırmaq üçün iki variant mövcuddur:
1. Borc
2. İnvestisiyalar
Birinci variantda dövlət və milli şirkətlər xarici bazarlarda xarici valyuta ilə borc götürürlər və onu Azərbaycanda investisiya edirlər. Bu zaman xarici kreditorlar hökumətdən investisiyaların qaytarılmasına dair təminat tələb edəcəklər. Xarici kreditorlar başa düşürlər ki, dövlət ehtiyatları və ümumi ixracat gəlirləri ayrılmış kreditin ödənilməsinin qarantıdır. Bu strategiyanı həyata keçirmək mümkündür. Lakin nəticədə borc yükü sürətlə artacaq və hökumətə daha geniş iqtisadi və inzibati səlahiyyətlərin verilməsinə ehtiyac yaranacaq. Bu halda, investisiyaların iqtisadi effektivliyi sual altında qalacaq.
İkinci variantda Dövlət Neft Fondunun ehtiyatları Azərbaycanın iqtisadiyyatına sərmayə qoyan xarici investorların daşıdığı risklərin bir hissəsini (sərmayənin ümumi həcminin 5 faizindən 50 faizə qədərini) örtür. Bununla da biz multiplikator effekti, üstünlük əldə edəcəyik və bu, ölkəyə Dövlət Neft Fondunun ehtiyatlarından dəfələrlə çox investisiya cəlb etməyə imkan verəcək. Bu, risklərin iki tərəfdaş - dövlət və biznes arasında bölüşdürülməsi yoludur. Öz növbəsində, Azərbaycanda investisiya prossesi ciddi şəkildə aktivləşəcək və nəticədə dünya bazarında tələb olunan qeyri-neft ixracatı artacaq.
Bu iki variantdan hər hansı birini seçərkən biznes üçün ilkin şərtlər - "əlverişli biznez mühiti" yaradılmalıdır. Faktiki olaraq, Azərbaycanda böyük transmilli korporasiyalar yoxdur. Daxili istehlak bazarı çox kiçikdir, bu səbəbdən, milli istehsalçını qorumaq üçün proteksionist siyasəti yürütməyin mənası yoxdur. Buna görə də ölkəyə beynəlxalq korporasiyaları cəlb etmək zəruridir. Onlar nəinki yeni iş yerləri yaradacaq, həm də ölkəyə rəqabəti artırmadan tez bir zamanda beynəlxalq əmək bölgüsündə öz yerini tutmasına imkan yaradacaq.
Eyni zamanda, bəzi korporasiyalar o qədər genişləniblər ki, artıq faktiki olaraq siyasi miqyasda bir oyunçuya çevriliblər. Onlar bizə yeni iş yerləri gətirəcək, ixracatı artırmağa imkan verəcək, xarici siyasi və iqtisadi riskləri azaltmağa kömək edəcək. Korporasiyalar fəaliyyət göstərdikləri ölkələrdə sabitliyin təminatıdırlar.
Dövlətin iqtisadiyyatda rolu
Azərbaycanda dövlətin iqtisadi həyatda iştirakı həddindən artıq genişdir. Dövlətin iqtisadi imkanlara malik olduğu, aktiv şəkildə neft dollarlarına sərmayə yatırdığı dövrdə o bütün sahələrdə iştirak etmək və hər şeyə müdaxilə etmək imkanına malik idi. O, bunu nəzarət, tənzimləmə, vergilər, lisenziyalaşdırma və s. vasitələrlə həyata keçirirdi. Bununla barışmaq mümkün idi. Lakin indi vəziyyət kəskin şəkildə dəyişib. Dövlətin iqtisadi bazası kiçilir, buna görə də o, yüksək sərmayə yatırımını təmin edə bilmir. Həm tənzimlənmə və vergi sahəsində, həm də maliyyə sahəsində dövlətin rolu dəyişməlidir.
Məsələn, belə baha və "qısa müddətli" manatla (burada milli valyuta ilə verilən kreditin dəyəri və ödənilmə müddəti nəzərdə tutulur) yeni investisiya dövrünə qədəm qoymaq mümkün deyildir. Mərkəzi Bank artıq həm özünü, həm də başqalarını yüksək inflyasiya təhlükəsi ilə qorxutmaqdan çəkinməli, bankların yenidən maliyyələşdirilməsi üçün normal kredit mexanizmi yaratmalı, neft modelindən modern and postmodern modelə (əvvəlki məqalələrə baxın) keçid etmək üçün iqtisadiyyatı pul vəsaiti ilə doydurmalı və bununla da kredit faizlərini aşağı salmalı və kreditin ödənilməsi müddətini artırmalıdır. Hazırki maliyyə sistemi investisiya kapitalına ehtiyacın formalaşdığı iqtisadiyyata uyğun deyildir. Obrazlı şəkildə desək, baha manat bizim cibimizə uyğun deyil.
Artıq yeddi ildən çoxdur ki dünya maliyyə böhranı davam edir. Xarici bazarlarda aşağı kredit faizləri, neft hasilatından və ixracatından əldə edilən gəlirlərin davamlı olaraq azalması Dövlət Neft Fondu və digər dövlət fondlarının yaradılmasının təməlində dayanan prinsip və məhdudiyyətləri dəyərdən saldı. Görünür, xaricdən sərmayə cəlb etmək, milli özəl şirkətlərdə korporativ idarəçiliyin keyfiyyətini artırmaq məqsədilə Dövlət Neft Fondunun, Azərbaycan İnvestisiya Şirkətinin və Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərini və aktivlərini vahid fondda cəmləşdirmək barədə düşünmək lazımdır.
Dövlət iqtisadi orqanları iqtisadi inkişaf və iqtisadiyyatın diversifikasiyası məsələləri ilə məşğul ola bilməz və məşğul olmamalıdır. Bu, biznesin faəliyyət dairəsidir.
İqtisadi siyasətdə radikal dəyişikliklər etməyin, ölkənin inkişaf paradiqmasını dəyişməyin vaxtıdır. Eyni zamanda "cəmiyyətin və biznesin dövlətdən asılılıq prinsipini cəmiyyətin, biznesin və dövlətin qarşılıqlı asılılıq prinsipi" ilə əvəz etməyin zamanıdır.