...

Rəqəmsal həllərin tətbiqi Azərbaycanın nəqliyyat sektorunda tariflərə təsir göstərən xərcləri optimallaşdırmağa imkan verir - Fərid Qattal (ÖZƏL MÜSAHİBƏ) (FOTO/VİDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2023 08:00 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan əlverişli coğrafi mövqeyə malikdir və bu səbəbdən ölkədə müxtəlif nəqliyyat növlərinə yüksək tələbat var.

Bu barədə Trend-ə özəl müsahibəsində "PwC Azerbaijan" şirkətinin texnoloji konsaltinq üzrə direktoru Fərid Qattal deyib.

"Regionun digər ölkələri ilə müqayisədə, biz nəqliyyat imkanlarından olduqca səmərəli şəkildə istifadə edirik. Sərnişin və yük daşımaları üçün hava nəqliyyatımız yaxşı inkişaf edib. Ölkəmizdə 8-i beynəlxalq olmaqla, 10-dan çox hava limanı var. Dəmiryol nəqliyyatı inkişaf edib, Bakıda isə metropoliten fəaliyyət göstərir. Dəniz nəqliyyatı sərnişin daşımaları nöqteyi-nəzərindən güclü inkişaf etməyib, lakin yük daşımaları üçün aktiv şəkildə istifadə olunur", - F.Qattal deyib.

Onun sözlərinə görə, Xəzər dənizi vasitəsilə daşınmalara yüksək tələbatı xüsusən Ələtdə yeni limanın tikintisi təsdiq edir.

"Həmçinin, qeyd etmək lazımdır ki, yüksək urbanizasiya sürətinə malik bir çox ölkələrdə olduğu kimi, ictimai nəqliyyatın inkişafına ehtiyac xüsusi yer tutur. Nəqliyyat əlaqəsinin təmin olunması və şəhər daxilində sürətli yerdəyişmə imkanları məsələsi yetərincə kəskin olaraq qalmaqdadır. Bunun cavabı şəhərin müxtəlif hissələrini birləşdirən taksi xidmətlərinin qızğın inkişafı, elektrikli skuterlərin meydana çıxması, müxtəlif tutumlu müasir avtobusların istismara verilməsi oldu. Hazırda, həmçinin, beynəlxalq standartlara cavab verən rahat avtobusların istifadə olunduğu yeni şəhərlərarası marşrutlar hazırlanır", - deyə F.Qattal əlavə edib.

O, beynəlxalq nəqliyyat dəhlizlərinin ölkənin ixrac potensialı nöqteyi-nəzərindən mühüm rol oynadığını, nəqliyyat xidmətlərinin ixracından büdcəyə gəlir gətirdiyini vurğulayıb.

"İnformasiya və rəqəmsal texnologiyalar hazırda nəqliyyat sektorunun bütün iştirakçıları, o cümlədən, avtomobil və dəmir yollarının, aeroportlar və hava limanlarının tikintisi ilə məşğul olan şirkətlər və əlbəttə, daşıma şirkətləri tərəfindən geniş istifadə olunur. İctimai və şəhər nəqliyyatı ilə bağlı bir neçə məsələnin üzərində dayanmaq istərdim. Heç kim üçün sirr deyil ki, şəhərimizdə elektrikli skuterlər meydana çıxıb. Qeyd etmək maraqlıdır ki, Bakı velosipedlər dövrünü sürətlə keçdi, halbuki bir çox ölkədə skuterlərin meydana çıxması ilə velosipedləri nə etmək barədə məsələ aktuallıq qazandı.

Bakı isə tətbiq vasitəsilə skuterlərin icarəsinə imkan yaratmaqla faktiki olaraq bu mərhələni keçdi. Bu, yeni texnologiyaların təkcə biznesin bir hissəsinə çevrildiyi deyil, özlərinin yeni texnologiya yönümlü biznesi həyata keçirdiyinin əla nümunəsidir. Mümkünləşən bu biznesin xidmətləri aparat həlləri və proqram təminatı sayəsində kütləvi istehlakçı üçün əlçatan olur", - deyə F.Qattal qeyd edib.

Onun sözlərinə görə, taksi sahəsində də eyni hal baş verir.

"Misal üçün, skuterlərin icarəsi texnologiyaların inkişafı sayəsində yaranmış yeni biznesdirsə, taksi ilə bağlı disruptiv texnologiyaların səbəb olduğu transformasiya müşahidə edirik. Bu yeni texnologiyalar dispetçer taksilərini mobil tətbiqlərə çevirir. Şəhərimizdə "Uber", "Uklon", "Bolt", "Yango" kimi müasir texnologiyalar əsasında fəaliyyət göstərən taksilər mövcuddur. Yekun istehlakçı üçün bu dəyişikliklər səfərlərin qiymətinin ucuzlaşması, taksi təminatının sürətinin artması və bütünlükdə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına təsir göstərməklə müsbət effekt verir", - deyə F.Qattal vurğulayıb.

Onun sözlərinə görə, nəqliyyat dəhlizləri və magistral avtomobil yollarından danışarkən bir neçə komponenti qeyd etmək lazımdır.

"Birincisi, texnologiya biznesin yalnız bir hissəsi olaraq, özlüyündən yeni biznesin əsası kimi çıxış edə bilməz. Bu səbəbdən infrastruktur layihələri ilə düşünülmüş İT və rəqəmsal həllərin kombinasiyası vacibdir. Bu, xüsusən dəmir yolları üçün ədalətlidir. Dəmir yolları artıq uzun illərdir ki, mövcuddur və ölkənin nəqliyyat sisteminin mühüm tərkib hissəsini təşkil edir. Misal üçün, Bakı-Tbilisi-Qars artıq fəaliyyət göstərən yol olmaqla, Orta Dəhlizin bir hissəsidir. Qatarlar yeni texnologiyalar olmadan da hərəkət edə bilərdi, lakin rəqəmsal həllərin tətbiqi tariflərə təsir göstərən xərcləri optimallaşdırmağa imkan verir. Nisbətən aşağı tariflər müxtəlif nəqliyyat dəhlizləri üçün rəqabət üstünlüyünə çevrilir", - F.Qattal deyib.

O, dəmir yolu infrastrukturunda ERP sistemləri, təmir və satınalmaların idarə olunması sistemləri kimi texnologiyaların ehtiyatlara qənaət etməyə, satınalma qiymətlərini və əmək xərclərini azaltmağa imkan verdiyini qeyd edib.

"Bu cür texnologiyaların uğurlu tətbiqinin nümunəsi profilaktik təmir modeli sayəsində mühüm dərəcədə vəsaitə qənaət etməyə nail olan "İtaliya Dəmir Yolları"dır. Bu model mühüm lokomotiv komponentləri, dəmir yolları və stansiya sahələrindəki məlumatların oxunması üçün aparat-proqram kompleksindən istifadəni təklif edir ki, bu da nasazlıqları proqnozlaşdıraraq əsaslı təmirin qarşısını almağa imkan verir və nəticədə, nəqliyyatın hərəkətində ləngimələrin qarşısını almağa imkan verir. Bu nümunələr texnologiyaların təkcə vəsaitə qənaət etmədiyinin, həm də servisləri ucuzlaşdırmaqla onların cəlbediciliyini artırdığının sübutudur.

Bu kimi prinsiplər aviasiyada da tətbiq oluna biləndir. Belə ki, hava gəmilərinə xidmət göstərən aeroportlar xərclərin optimallaşdırılması texnologiyalarını tətbiq edə bilər. Dəniz limanları və avtomobil yollarının operatorları, həmçinin, öz fəaliyyətlərinin səmərəliliyini artırmaq üçün informasiya və rəqəmsal texnologiyalardan istifadə edə bilər", - deyə F.Qattal qeyd edib.

O, həmçinin, nəzarət, billinq sistemlərinin, gömrük ödənişlərinin və nömrələrin skan edilməsi texnologiyalarının artıq tətbiq olunduğu avtomobil yollarının olduğunu vurğulayıb.

"Nömrələrin skan edilməsi, hesabların avtomatik təqdim olunması və ödənişlərin edilməsində texnologiyaların mühüm rol oynadığı ilk Bakı-Quba ödənişli yolu buna misaldır. Bundan başqa, yeni texnologiyalar, həmçinin, şəhər nəqliyyatına təsir göstərir", - deyə F.Qattal əlavə edib.

Onun sözlərinə görə, "Mobility as a Service" konsepsiyası müxtəlif nəqliyyat vasitələrinin və şirkətlərinin vahid tətbiqdə inteqrasiyasına çalışır.

"Bu, nəqliyyatın biznes proseslərin ayrılmaz hissəsi olduğu elektron kommersiya üçün xüsusən vacibdir. Əsas çağırışlardan biri "son mil" çatdırılma prosesinin avtomatlaşdırılmasıdır və Azərbaycanda "Umico" layihəsi texnologiyaların çatdırılmanı necə sürətli və proqnozlaşdırılan edə biləcəyini uğurla göstərir", - F.Qattal deyib.

O, rəqəmsallaşmanın ilk növbədə tariflərə təsir göstərdiyini vurğulayıb. Belə ki, əsas məqsəd nəqliyyat dəhlizi ilə daşınmaların yekun ümumi qiymətinin rəqabətqabiliyyətli olmasından ibarətdir.

"Nəqliyyat dəhlizləri, əsasən, infrastruktur imkanları və təkliflər əsasında formalaşır. Azərbaycanda bu istiqamətdə böyük işlər görülür. Nəqliyyat bütünlükdə ixrac imkanlarının və ilk növbədə xidmətlərinin ixracının artırılması üçün yaxşı potensiala malik olan prioritet inkişaf istiqamətidir.

Rəqəmsallaşma ilk növbədə tariflərə təsir göstərir. Belə ki, əsas məqsəd nəqliyyat dəhlizi ilə daşınmaların yekun ümumi qiymətinin əldə edilməsindən, onun rəqabətqabiliyyətli olmasından ibarətdir. Aydındır ki, Şərq-Qərb marşrutundan bəhs edərkən ilk növbədə söhbət məhsulların Çindən Avropaya daşınmasından gedir və burada rəqabətqabiliyyətli qiymətlərin olması son dərəcə vacibdir. Rəqəmsal texnologiyalar bu məqsədə nail olmaq üçün resursların optimallaşdırılmasına kömək edir", - F.Qattal deyib.

O, müəssisənin idarə olunması sistemi olan ERP rəqəmsal sisteminin ekosistemin digər iştirakçıları (hazırkı tendensiya - API) ilə qarşılıqlı əlaqə üçün açıq olduğunu əlavə edib.

"Bu halda siz elektron formada sifarişləri qəbul edə və qiymət təklifləri verə, misal üçün, dəniz limanı və dəmir yollarını inteqrasiya edərək, müəyyən xidmətlər paketinin olduğu sistem formalaşdıra bilərsiniz. Burada böyük potensial var və rəqəmsal texnologiyalar birbaşa olaraq böyük nəqliyyat müəssisələrində nə qədər səmərəli şəkildə tətbiq olunarsa, fikrimcə, rəqabət üstünlükləri də bir o qədər artacaq və yeni potensial marşrutlar hazırlamaq imkanı yaranacaq", - F.Qattal deyib.

O, bütünlükdə İT sahəsinə investisiyaların hazırda olduqca bahalı zövq olduğunu bildirib.

"Tələbat böyükdür, bütün sahələrdə İT lazımdır, bu sahədə resurslar isə məlum olduğu kimi, məhduddur. Azərbaycan da istisna deyil. Azərbaycanda informasiya texnologiyaları sahəsində mütəxəssislərə yüksək tələbat olmasına baxmayaraq, müəyyən maneələr olduğundan çoxları xaricə gedir və yerli şirkətlər mütəxəssisləri saxlamaq və cəlb etmək üçün tədbirlər görməli olur.

Bizdə İT resursların və mütəxəssislərin dəyəri dünya standartlarına yaxınlaşır ki, bu da xüsusi texnologiyaların inkişafını daha da qəlizləşdirir. Bu səbəbdən istənilən müəssisə və təşkilatın qarşısında məqsədəuyğunluq, iqtisadi fayda və xərclərin təhlili - yəni nə qədər ödəyəcəyimiz və nəticədə nə əldə edəcəyimiz - məsələsi dayanır", - o deyib.

Əməliyyat və maliyyə səmərəliliyinin artırılması üçün nəqliyyat sektorunun iştirakçıları üzrə tövsiyələrə toxunan Fərid Qattal ilk tövsiyənin hazırkı vəziyyətin ətraflı öyrənilməsi, sistemlərin sabitliyinin, onların iş qabiliyyətinin və xidmətlərin dəyərinin müəyyən edilməsindən ibarət olduğunu qeyd edib.

"Buraya mövcud texnologiyaların diaqnostikası və qiymətləndirilməsi, eləcə də, heç bir tədbir görülməzsə, baş verəcəklərin proqnozu daxildir. Bu mərhələdə texnologiyaların köhnəlmə risklərini və resurs çatışmazlığı səbəbindən xidmətdə mümkün əhəmiyyətli bahalaşmasını aşkarlamaq mümkündür. İkinci mərhələ beynəlxalq iştirakçıların, nəqliyyat sahəsində daha çox inkişaf etmiş ölkələrin təcrübəsinin cəlb olunmasını əhatə edir. Bu, sahə üzrə müəyyən uğurlar əldə etmiş Türkiyə və Avropa ölkələrinin təcrübəsinin öyrənilməsi ola bilər.

Sıfırdan şəxsi texnologiyanın hazırlanması, əlbəttə ki, İT bazarının ümumi inkişafı üçün faydalıdır, lakin hazırda bazarda yeni məhsulları sürətlə tətbiq etmək vacib olduğundan, "time to market" anlayışı daha mühüm əhəmiyyət kəsb edir və gördüyüm qədərilə, burada xarici təcrübədən maksimum səmərəli istifadə faydalı ola bilər", - F.Qattal deyib.

Onun sözlərinə görə, bir dəfəyə bütün nəqliyyat növlərinə bilet almağın mümkün olduğu tətbiqlərdən danışsaq, bunu sıfırdan hazırlamağın və ya hazır həll əldə etməyin daha yaxşı olduğu barədə üç dəfə düşünmək lazımdır.

"Həll sadəcə hazırlama və satın alma arasında seçimə deyil, təhlilə əsaslanmalıdır. Bu təhlil iqtisadi olmalı və bütün riskləri nəzərə almalıdır. Təkrar edirəm, diaqnostika ilk addımdır. İT sistemimizin hazırkı tələblərə nə dərəcədə uyğun olduğunu qiymətləndirmək, regionda və digər ölkələrdə baş verənlərlə müqayisə aparmaq, beynəlxalq təcrübə və biznesin ehtiyaclarına əsaslanaraq, inkişaf barədə qərar qəbul etmək lazımdır. Şəxsi təcrübəmdən məsləhət verə bilərəm.

Əfsuslar olsun ki, çox vaxt inkişaf barədə qərarlar bir illik üfüqə malik olur ki, bu da, mənim fikrimcə, çox qısa planlaşdırma müddətidir. Bu müddətdən sonra inkişaf davam edir və burada İT sistemin inkişafı üzrə 3-5 illik yol xəritələri hazırlamaq tövsiyə olunur. Bu müddətin başlanğıcında konkret addımları müəyyən etmək, daha sonra isə ümumi inkişaf istiqamətlərinə yönəlmək lazımdır. Bu yanaşma bütünlükdə rəsmi anlamağa və gələcəyi proqnozlaşdırmağa, eləcə də, yeni məhsulları hansı sürətlə tətbiq etməyə imkan verir", - deyə o əlavə edib.

F.Qattal qeyd edib ki, misal üçün, nəqliyyat üçün biletlərin satın alınması sistemi nəzərdən keçirilərkən diaqnostika aparılmalı, 3-5 illik yol xəritəsi hazırlanmalı və karşerinq sistemləri kimi beynəlxalq analoqların təcrübəsindən istifadə olunmalıdır.

"Məsələ sıfırdan öz sistemini qurmaq və ya "Uber"də olduğu kimi, sürətli reallaşdırılan, lakin dəqiq məqsədin müəyyən olunmasını tələb edən mövcud həllər əldə etmək arasında seçim etməkdən ibarətdir. Marketinq tədqiqatı, bençmarkinq (etalon qiymətləndirmə) və investisiyaların dəyərinin qiymətləndirilməsi inkişaf variantını düzgün seçməyə kömək edir. Bu, nəqliyyat sektorunun bütün tərkib hissələri, xüsusən yollar və aviasiya kimi xərclərin optimallaşdırlmasının inkişaf potensialına malik olduğu sahələr üçün vacibdir. Lakin iqtisadi aspektlərlə yanaşı, təhlükəsizlik və ekoloji təsir məsələlərini nəzərə almaq lazımdır. Maşın görməsi və süni intellekt kimi perspektiv texnologiyalar nəqliyyat sistemində təhlükəsizlik səviyyəsinə təsir göstərə bilər ki, bu da dövlət səviyyəsində mühüm faktor olaraq nəzərdən keçirilməlidir", - deyə o sonda deyib.

Qeyd edək ki, "PwC" konsaltinq və audit sahəsində xidmətlər təklif edən və hər biri müstəqil hüquqi şəxs olan şirkətlər beynəlxalq şirkətlər şəbəkəsidir. Brend 160 ildən çoxdur ki, fəaliyyət göstərir və auditor şirkətlərinin "böyük dördlüyü"nə daxildir.

"PwC"nin Azərbaycanda strategiyası ilk öncə yerli biznesə, o cümlədən, özəl və dövlət sektoruna uğurlu transformasiyada yardım etməkdən ibarətdir. Bu, qlobal "PwC" şəbəkəsinin əsas istiqamətlərindən biridir.

"PwC" Azərbaycana müəssisə və bizneslərin inkişafında, rəqabət qabiliyyətlərinin artırılmasında, strukturlarının dəyişməsində, o cümlədən, mövcud çağırışlara müvafiq olaraq biznes qurmağın formalarını təkmilləşdirməkdə kömək göstərməyi hədəfləyir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti