...

İran qazının Türkiyə vasitəsilə Avropa ölkələrinə ixracı Avropanın marağındadır - beynəlxalq ekspertlər

Energetika Materials 11 Avqust 2008 16:24 (UTC +04:00)
İran qazının Türkiyə vasitəsilə Avropa ölkələrinə ixracı Avropanın marağındadır - beynəlxalq ekspertlər

Azərbaycan, Bakı, 9 avqust / Trend , müxbir A.Bədəlova/ Trend ın sorğu apardığı beynəlxalq ekspertlər hesab edirlər ki, Avropa ölkələri İran qazının Türkiyə ərazisindən keçməklə Avropaya nəqlinə maraq göstərir.

İran və Türkiyə İran ərazisində "Cənubi Pars" yatağından təbii qazın istehsalı, ixracı və qiymətləri barədə razılıq əldə edib. İstehsal olunacaq qazın bir hissəsi Türkiyədə istifadə olunacaq, qalan hissəsi isə, Avropaya ixrac olunacaq. Ölkələr arasında əldə olunan ilkin razılaşmaya əsasən, Türkiyə İranın "Cənubi Pars" qaz yatağına 3 mlrd. dollar həcmində sərmayə yatıracaq.

İtaliyanın "Bruno Leoni" İnstitutu energetika departamentinin direktoru Karlo Staqnaro (Carlo Stagnaro) hesab edir ki, Avropa İran qazını öz idxalını diversifikasiya etmək üçün istifadə edə bilər.

"İran qaz ölkəsi kimi Avropaya öz idxalını, Xəzər regionunun digər ölkələrinin edəcəyi kimi, diversifikasiya etməyə yardım edə bilər", -deyə Staqnaro elektron poçt ilə Trend a bildirib.

İtaliyalı ekspertin bildirdiyinə görə, böyük miqdarda qaz ixracatçısı axtarışı Avropanın marağındadır.

İranın beynəlxalq məsələlər üzrə politoloq-eksperti Əhməd Cansızın rəyinə görə, Avropa ölkələri sanksiyalara baxmayaraq, minimal sərmayə yatırımı ilə İran qazının Avropaya nəqlini istəyir.

"Avropa ölkələri yaxşı bilirlər ki, onlar İran qazının Türkiyə vasitəsilə bu ölkələrə nəqlindən gəlir əldə edəcək", - deyə Cansız İrandan telefonla Trend a bildrib.

Cansız bildirib ki, Avropa ölkələrinin Rusiya qazına inamı azalıb.

"Rusiya ilə Ukrayna arasındakı münasibətlər və Rusiya qazının Avropa ölkələrinə nəqlinin dayandırılması ehtimalı avropalıları alternativ ucuz yollar axtarmağa vadar edir", - deyə iranlı ekspert bildrib.

Türkiyənin "Bilkent" Universitetinin eksperti Pınar İpeyin telefonla Trend a bildirdiyinə görə, Avropa istənilən ölkənin qazına ehtiyac duyur.

"Bu gün Avropa İttifaqının qaza olan tələbatını üç ölkə təmin edir: Rusiya, Norveç və Əlcəzair, bunların arasında əsas rol Rusiyaya məxsusdur", - deyə o bilidirib.

İpeyin sözlərinə görə, İranın nüvə proqramı İran qazının ixracına maneə ola bilər.

Bu həftə Avropa İttifaqı, Tehranın nüvə proqramını dayandırmamasına cavab olaraq, İrana qarşı yeni sanksiyaların tətbiqinə dair bəyanat verib. Aİ İran ilə ticari münasibətləri olan şirkətlərə dövlət istiqrazlarının verilməsini məhdudlaşdırmaq, həmçinin, İran bankları ilə bağlı olan maliyyə təşkilatlarını təftiş etmək niyyətindədir. Aİ nümayəndələri İrana və əks istiqamətdə gedən bütün təyyarə və gəmilərin də yoxlamasına başlayacaq.

"İran qazının Avropaya tədarükü Aİ ilə İran arasındakı böhranın necə başa çatacağından asılıdır", - deyə İpek bildirib.

Onun sözlərinə görə, nüvə problemi həll edilməyəcəyi təqdirdə, Türkmənistan və İraq qazına üstünlük veriləcək.

Ekspertlərin rəyinə görə, İran qazının Türkiyə vasitəsilə Avropaya nəqli tamamilə mümkündür.

"ABŞ -ın narazılığına baxmayaraq, layihə yaxın gələcəkdə həyata keçiriləcək. Türkiyə İran üçün, İran isə Türkiyə üçün yaxşı potensiala malikdir. Hər iki ölkə İran qazının Türkiyəyə və Avropaya ixracının həyata keçiriləcəyinə inanır", - deyə Cansız bildirib.

"Qazın İrandan Türkiyəyə və Avropaya nəqli üçün tikilən boru kəməri hazırda Türkiyə sərhədinədək çəkilib, Türkiyə daxilində də bəzi işlər görülüb. Lakin son iki ildə yaranan bir sıra problemlər, o cümlədən Türkiyədə prezident seçkiləri, Türkiyə partiyalarının dövlət siyasətinə qarışması bu layihənin reallaşdırılmasını uzadıb", - deyə o vurğulayıb.

Staqnaro bildirib ki, İranın nüvə proqramının nizamlanması prosesi uzun çəkəcək və asan olmayacaq, bu məsələ həm İran, həm Avropa, həm də dünyanın digər ölkələrinin maraqları üçün çox mühümdür.

"Sərmayələrin cəlb edilməsi sahəsində İranın xeyli problemi var. O, beynəlxalq və ABŞ sanksiyalarını aradan qaldırmaq üçün siyasi sistemdə islahatlar aparmalıdır", - deyə italiyalı ekspert bildrib.

Ekspertlər hesab edirlər ki, Türkiyə prezidentinin İrana nəzərdə tutulan səfəri zamanı imzalanacaq qaz kəməri barədə saziş bütün tərəflərin marağında olacaq.

"O, Türkiyə ilə Avropa arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinə yardım edəcək və iqtisadi inteqrasiyanın yüksəlməsinə imkan yaradacaq", - deyə Staqnaro bildirib.

İran ekspertinin rəyinə görə, saziş İran və Türkiyəyə olduğu kimi, Avropaya da gəlir gətirəcək.

"İran qazın Türkiyə və Avropaya nəqlində qərarlıdır, Türkiyə isə bilir ki, bu layihə reallaşarsa, o, böyük mənfəət əldə edəcək", - deyə Cansız bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti