...

Belarus Azərbaycan neftinin alınması imkanlarını araşdırıb

Energetika Materials 25 Avqust 2010 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir E.İsmayılov/

Belarus Azərbaycandan, Venesueladan və Fars körfəzi ölkələrindən Baltik və Qara dənizdəki limanlar vasitəsilə neft alınması imkanlarını araşdırıb. Bu barədə ölkənin Nazirlər Kabinetinin təsdiqlədiyi Belarus Respublikasının enerji potensialının inkişafı strategiyasında deyilir.

Belarusun neft emalı zavodlarının texnoloji sxemləri Urals keyfiyyətli neftdən istifadə üçün hesablanıb. Digər neft növləri bu növlə qarışıq halda, ya da ayrıca emal oluna bilər.

Hazırda ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) Bakı-Novorossiysk boru kəməri ilə neft nəqli zamanı digər istehsalçıların nefti ilə qarışmasından alınan Urals markalı neftin Novorossiysk limanı vasitəsilə daşınmasını həyata keçirir. 2009-cu ildə ARDNŞ Bakı-Novorossiysk boru kəməri vasitəsilə 2,5 milyon tona yaxın neft ixrac edib. 2008-ci ildə bu göstərici 1,2 milyon ton olub. 2007-ci ildə bu marşrut vasitəsilə 1,2 milyon ton neft ixrac edilib ki, bu da 2006-ci ilin göstəricisinə bərabərdir. 2005-ci ildə Bakı-Novorossiysk üzrə ixrac 1,6 milyon ton təşkil edib.

Enerji potensialının inkişaf strategiyasında deyildiyi kimi, göstərilən mənbələrdən iqtisadi baxımdan sərfəli olan neft tədarükünün təşkilinin qiymətləndirilməsi aparılıb. Bu zaman limana qədər neft fraxtının təqribi dəyəri, sonradan Belarus NEZ-lərinə daşınmaq üçün neftin tankerlərdən dəmiryol çənlərinə boşaldılması üzrə limanların imkanları, neftin dəmir yolu ilə daşınmasının qiyməti, eləcə də boru kəməri nəqliyyatından istifadə imkanları öyrənilib. İqtisadi baxımdan dəniz nəqliyyatı ilə neftin qəbulunun təşkili Odessa və Cənub (Ukrayna), Ventspils (Latviya), Klaypeda (Litva), Tallin (Estoniya) limanlarından sərfəlidir.

Azərbaycan nefti Odessa limanı vasitəsilə Ukraynanın Kremençuq NEZ-ə nəql olunur. Satış "Azeri Light" neft növünün boru kəməri ilə daşındığı Qara dəniz və Aralıq dənizindəki limanlardan tender əsasında həyata keçirilir.

Hazırda neft Odessa limanı vasitəsilə Mozırsk NEZ ASC-yə nəql olunur. Bu zavod dəniz nəqliyyatı ilə dəmiryol sisternlərində ayda 240 min ton neftin yüklənib-boşaldılması üçün texniki imkanlara malikdir.

Strategiyada o da bildirilir ki, revers rejimdə Polotsk-Ventspils və avers rejimdə Odessa-Brodı boru kəmərlərindən istifadə etməklə, Belarus limanlarından neft satışının təşkili kimi prioritet istiqamətlərdən biri üzrə regionların və neft tədarükçülərinin şaxələndirilməsi məsələlərinin araşdırılması bundan sonra da davam etdiriləcək.

Odessa-Brodı-Plotsk-Qdansk neft kəməri marşrutunda Azərbaycana əsas tədarükçü rolu ayrılıb. Lakin Azərbaycan tranzit ölkə kimi də işləyə bilər. Azərbaycan bu boru kəməri ilə təkcə öz neftini deyil, həm də Mərkəzi Asiya neftini ixrac edə bilər.

Odessa-Brodı neft nəqli layihəsi Ukraynanın NEZ-lərinə neft ixracının şaxələndirilməsi və ölkənin tranzit imkanlarının inkişafı üçün planlaşdırılıb. Odessa-Brodı neft kəmərinin tikintisi 2002-ci ilin mayında başa çatıb. Magistralın uzunluğu 674 km, boruların diametri 1 020 millimetrdir. Neft kəməri və terminalının gücü ildə 9-14 milyon ton təşkil edir.

Xəbər lenti

Xəbər lenti