...

Yanvar-noyabrda Türkiyə ərazisi ilə 260 milyon bareldən çox Azərbaycan nefti nəql olunub

Energetika Materials 24 Dekabr 2010 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir E.İsmayılov/

Bu ilin yanvar-noyabrında Bakı-Tbilisi-Ceyhan (ВТС) boru kəməri ilə Türkiyə ərazisindən 263,8 milyon bareldən çox neft nəql edilib. Ötən ilin analoji dövründə bu rəqəm 263,1 milyon barel olub. Bu barədə Türkiyənin BOTAŞ dövlət boru kəməri şirkətinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Məlumatda deyildiyi kimi, noyabrda BTC vasitəsilə Türkiyə ərazisindən 24,36 milyon barel neft nəql edilib ki, ötən ilin noyabrında bu göstərici 23,2 milyon barel təşkil edib.

2009-cu ildə Türkiyə ərazisindən ВТС ilə 285,5 milyon barel, 2008-ci ildə 264,1 milyon barel, 2007-ci ildə isə 210 milyon bareldən çox neft nəql olunub.

BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir. Bunun 443 kilometri Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisi 2003-cü ildə, onun neftlə doldurulması isə 2005-ci il mayın 18-də başlanıb.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz ); Statoil (8,71 faiz ); ТРАО (6,53 faiz ); Eni (5 faiz ); Total (5 faiz ); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz ); ConocoPhillips (2,50 faiz ) və Amerada Hess (2,36 faiz).

Yanvar-noyabrda İraq-Türkiyə kəməri ilə Türkiyə ərazisindən təxminən 119,51 milyon barel neft nəql edilib. Noyabrda bu göstərici 11,03 milyon barelə yaxın olub. Oktyabrda bu göstərici 12,13 milyon barel təşkil edib. Ötən il bu kəmərlə 2008-ci ildəki 135,5 milyon barelə qarşı 167,6 milyon barel neft nəql olunub.

Ceyhan-Qırıqqala boru kəməri ilə yanvar-noyabrda Türkiyə ərazisindən təxminən 16,2 milyon barelə yaxın neft nəql edilib. Noyabrda bu rəqəm oktyabrdakı 2,1 milyon barelə nisbətdə 1,67 milyon barelə yaxın olub. Ümumilikdə yanvar-noyabrda bu kəmərlə 2008-ci ildəki 21,4 milyon barelə qarşı 20,2 milyon barel neft nəql olunub.

Batman-Dördyol boru kəməri ilə yanvar-noyabrda Türkiyə ərazisindən təxminən 10,13 milyon barel neft nəql edilib. Noyabrda bu rəqəm oktyabrdakı 743 milyon barelə qarşı 986 min barel olub. Ümumilikdə yanvar-noyabrda bu kəmərlə 2008-ci ildəki 11,1 milyon barelə nisbətdə 12,2 milyon barel neft nəql olunub.

Xəbər lenti

Xəbər lenti