...

Azərbaycan və İran qaz nəqli ilə bağlı müqavilə imzalayıblar (ƏLAVƏ OLUNUB) (FOTO)

Energetika Materials 12 Yanvar 2011 18:19 (UTC +04:00)

Şəkillər əlavə olunub

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir S.Əliyev/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və İranın Qaz İxracı üzrə Milli Şirkəti (NIGEC) Azərbaycan qazının İrana nəqli ilə bağlı çərşənbə günü müqavilə imzalayıblar.

Beş illik imzalanan müqaviləyə əsasən, 2011-ci ildə Azərbaycandan İrana 1 milyard kubmetr qaz nəql olunacaq. Qaz tədarükü həcminin gələcəkdə artırılacağı nəzərdə tutulur.

Müqaviləni ARDNŞ prezidenti Rövnəq Abdullayev və NIGEC-in baş direktoru Cavad Oci imzalayıblar.

Abdullayevin sözlərinə görə, hazırda Azərbaycanın kifayət qədər qaz ehtiyatı var. "Qazın Rusiyaya nəqli Gürcüstan və Türkiyə vasitəsilə həyata keçirilir. Fevral ayından İrana qazın nəqlinə başlanılacaq", - Abdullayev deyib.

İrana qaz tədarükünü artırmaq üçün ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Astaradakı qaz-kompressor stansiyasının qurğularının genişləndirilməsi üzrə işlər aparır. Həmçinin, Azərbaycandan İrana gedən qaz kəmərinin yenidən qurulması nəzərdə tutulur.

Bu işlər başa çatandan sonra uzunmüddətli tədarük üçün müqavilələrin bağlanması və həcmin sutkada indiki 1,2 milyon kubmetrdən 3-3,5 milyon kubmetrədək artırılması nəzərdə tutulub.

Azərbaycan və İranı ümumi uzunluğu 1474,5 kilometr (296,5 kilometri Azərbaycan ərazisində) olan Qazı Məmməd-Astara-Bind-Biand qaz kəməri əlaqələndirir. Marşrut 1971-ci ildə istismara verilən Qazax-Astara-İran boru kəmərinin qoludur. Bu istiqamətdə üç - Qazı Məmməd, Ağdaş və Qazax kompressor stansiyaları tikilib. Boru kəmərinin diametri 1200 millimetridir.

Bundan əvvəl İran və Azərbaycan qaz və elektrik enerjisinin nəqli üzrə əməkdaşlığın genişləndirilməsi sahəsində iki memorandum imzalayıblar. Memorandumlar prezident Mahmud Əhmədinejadın Bakıya rəsmi səfəri zamanı imzalanıb.

Xəbər lenti

Xəbər lenti