...

ARDNŞ ekoloji balansın bərpası üzrə işlər aparır

Energetika Materials 6 Aprel 2011 17:01 (UTC +04:00)
ARDNŞ Azərbaycanın neft-qaz yataqlarının çoxillik işlənməsinin nəticələrinin aradan qaldırılmasına yönələn bir sıra iri ekoloji layihələr həyata keçirir.
ARDNŞ ekoloji balansın bərpası üzrə işlər aparır

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir E.İsmayılov/

ARDNŞ Azərbaycanın neft-qaz yataqlarının çoxillik işlənməsinin nəticələrinin aradan qaldırılmasına yönələn bir sıra iri ekoloji layihələr həyata keçirir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev ətraf mühitin qorunması üzrə V Beynəlxalq "INEPO-Avrasiya" olimpiadasının iştirakçıları ilə görüşdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda sənaye hasilatı artıq 150 ildir ki aparılır. Bu illər ərzində, xüsusilə də erkən dövrlərdə neft açıq üsulla hasil edilib və texnologiyanın aşağı səviyyəsi torpaqların çirklənməsinə səbəb olub.

"Azərbaycan hazırda ekoloji məsələlərə böyük diqqət yetirir [...]. İndi biz torpaqların çirkləndirilməsinin ləğvinə yönələn iri ekoloji layihələr həyata keçiririk", - Abdullayev qeyd edib.

ARDNŞ rəhbəri olimpiada iştirakçılarına şirkətin ekoloji tarazlığın bərpası ilə bağlı apardığı genişmiqyaslı işlər, eləcə də Abşeron yarımadasında neftlə çirkləndirilən torpaqların təmizlənməsi və yaşıllaşdırılması üzrə intensiv işlərin həyata keçirilməsi haqqında danışıb.

İlk "INEPO-Avrasiya" olimpiadası Bakıda 2007-ci ildə keçirilib. Olimpiadada dünyanın 17 ölkəsinin məktəbliləri iştirak edib. Bu il olimpiada aprelin 6-dan 10-dək keçiriləcək. Tədbir ARDNŞ, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, "Çağ Öğretim İşletmeleri" şirkəti və "INEPO-Avrasiya" ictimai ekoloji birliyinin dəstəyi ilə təşkil edilib.

Bu il olimpiadada dünyanın 33 ölkəsinin 300-ə qədər məktəblisi iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti