...

ARDNŞ yanvar-apreldə Ceyhan limanından 7,5 milyon tondan çox neft ixrac edib

Energetika Materials 3 May 2011 19:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən Ceyhan limanından 7,84 milyon ton neft ixrac edilib. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir. Ceyhan limanına neft Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə çatdırılır.

Məlumata görə, apreldə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən 2,25 milyon tona yaxın neft ixrac olunub.

2010-cu ildə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən BTC ilə 27,27 milyon ton neft ixrac olunub. Bu göstərici 2009-cu ildə 24,6 milyon ton olub.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanıb.

BTC-nin tikintisi dörd milyard dollara başa gəlib. Bu, inşaat işlərinə, boru kəmərinin doldurulmasına çəkilən xərclər və maliyyə xərcləridir. Bank faizlərinin ödənilməsi buraya daxil deyil. Maliyyə kreditinin ümumi həcmi 2,6 milyard dollar təşkil edir.

BTC-nin səhmdarları BP (30,1 faiz), AzBTC (25 faiz), "Chevron" ( 8,90 faiz), "Statoil" (8,71 faiz), TPAO (6, 53 faiz), "Eni" (5 faiz), "Total" (5 faiz), "Itochu" (3,40 faiz), "Inpex" (2,50 faiz), "ConocoPhilips" (2,50 faiz) və "Hess" (2,36 faiz) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti