...

BP Xəzərdə geofiziki işlərin aparılması üçün yeni müqavilə bağlayacaq

Energetika Materials 1 Noyabr 2011 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend müxbir E.İsmayılov/

"Caspian Geophysical" və "BP-Azerbaijan" yaxın günlərdə Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokuna daxil olan "Şərqi Azəri" yatağında geofiziki tədqiqatların aparılmasi məqsədilə müqavilə bağlayacaqlar. Bu barədə Trend-ə çərşənbə axşamı neft-qaz bazarındakı mənbə deyib.

Mənbənin əvvəl dediyinə əsasən, yataqda işlərin başlanması bu ilin dekabrına planlaşdırılıb.

"Bu layihə çərçivəsində işlər davam etdirilir və yaxın günlərdə BP ilə ikinci müqavilənin imzalanması gözlənilir", - o deyib.

Onun sözlərinə görə, mövcud müqavilə çərçivəsində "Caspian Geophysical" sahədə "Gilavar" geofiziki gəmisi ilə dördölçülü geofiziki tədqiqatlar aparacaq.

İri dəniz yatağı "Azəri-Çıraq-Günəşli"nın işlənməsi üzrə müqavilə 1994-cü ildə bağlanılıb.

Hazırda müqavilənin iştirakçıları aşağıdakılardır: BP (operator - 35,83 faiz iştirak payı), "Chevron" (11,27 faiz), AzACG (11,6 faiz), INPEX (10,96 faiz), "Statoil" (8,56 faiz), "Exxon" (8 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Hess" (2,72 faiz).

Geofiziki tədqiqatların aparılması üçün tərəflər arasında bu ilin mayında imzalanan ilk müqavilə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" perspektivli blokunda üçölçülü təqdqiqatların aparılmasını nəzərdə tutur. Perpektivli blokda işlər də "Gilavar" geofiziki gəmisi vasitəsilə həyata keçiriləcək.

Mənbənin sözlərinə əsasən, hazırda işlərin başlanması üçün hazırlıq aparılır. Xüsusilə, lazım olan geofiziki avadanlıqların yerləşdirilməsi üzrə işlər aparılır. Bu müqavilə çərçivəsində yerli dəniz işlərini 70 gün ərzində başa çatdırmaq planlaşdırılıb, lakin əlverişsiz hava şəraiti ilə əlaqədar vaxt artırıla bilər.

Müqaviləyə əsasən, podradçı BP üçün əldə edilən məlumatların işlənməsini həyata keçirəcək. Məlumatların şərhi işləri sifarişçi tərəfindən həyata keçiriləcək.

ARDNŞ ilə BP arasında "Şəfəq-Asiman" bloku üzrə müqavilə 30 il müddətinə imzalanıb. Kəşfiyyat dövrü 4 ildir. Onun sonralar daha 3 il uzadılması mümkündür. Birinci mərhələdə 2 quyunun qazılması planlaşdırılır. İkinci mərhələdə, zərurət olarsa, daha 2 quyu qazılacaq. İstismar dövrünə keçərkən tərəflər layihə çərçivəsində birgə operatorluq edəcəklər. Sazişdə iştirak payının bölüşdürülməsi 50-nin 50-yə nisbətindədir.

"Şəfəq" və "Asiman" strukturları Bakıdan 125 kilometr cənub-şərqdə yerləşir. 2009-cu ilin iyulunda ARDNŞ və BP Londonda Xəzər dənizinin Azərbaycan sektorunda "Şəfəq" və "Asiman" perspektiv strukturlarının birgə geoloji kəşfiyyatı və işlənməsi haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Xəbər lenti

Xəbər lenti