...

Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə işlərin 96 faizi başa çatıb

Energetika Materials 17 Avqust 2017 16:54 (UTC +04:00)

Bakı. Trend:

2017-ci ilin birinci yarısında Cənubi Qafqaz boru kəmərinin (CQBK) genişləndirilməsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. Ümumilikdə bu işlərin – tikinti və istismar sınaqları daxil olmaqla, 96%-i artıq tamamlanıb.

Trend-in məlumatına görə, bu barədə "BP Azərbaycan"ın ilin 6 ayının yekunları üzrə hesabatında deyilir.

Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam edib – təqribən 370 km uzunluğunda borular artıq qaynaq edilib, 263 km boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı tamamlanıb – beşinci üfüqi qazma bu ilin aprel ayında başa çatıb.

Gürcüstan ərazisində kəmər xəttinin inşası üzrə tikinti işləri artıq bitib – 62 km uzunluğunda borular qaynaq edilib, örtüklənib, xəndəyə endirilib və üstü örtülüb.

Həm Azərbaycanda, həm də Gürcüstanda boru kəmərinin hidro-sınaqları aparılır. Azərbaycanda 5, Gürcüstanda isə 11 hidro-sınaq bölməsində işlər bitib.

Gürcüstanda hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edir. 1-ci kompressor stansiyasında işlər təqribən 99%, 2-cidə isə 82% tamamlanıb. Hər iki kompressor stansiyası 2018-ci ildə istismara verilmək planına uyğun irəliləyir. Nəzarət-ölçü stansiyasında (81-ci sahə) isə işlər 98% tamamlanıb. Bu stansiyanın 2017-ci ildə təhvil verilməsi planlaşdırılır.

2017-ci ilin birinci yarısında CQBK ilə bağlı fəaliyyətlərə təqribən 14 milyon dollar əməliyyat xərcləri və 413 milyon dollar əsaslı xərclər sərf edilib.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır.

Birinci yarımil ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 21,4 milyon kubmetr qaz olub.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%) və TPAO (19%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti