Bakı. Trend:
Yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7953,9 MVt-a çatıb ki, bu da ötən illə müqayisədə 392,4 MVt və ya 4,9% artım deməkdir.
Trend-in məlumatına görə, bu, energetika naziri Pərviz Şahbazovun 20 Oktyabr - Energetiklər Gününə həsr olunmuş bugünkü məqaləsində deyilir.
Məqalədə qeyd edilir ki, elektroenergetika sistemində ümumi gücü 6642 MVt olan 22 istilik elektrik stansiyası, ümumi gücü 1158,1 MVt olan 30 su elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası, 63,3 MVt gücündə 4 külək elektrik stansiyası, ümumi gücü 46,1 MVt olan 8 günəş elektrik stansiyası və ümumi gücü 7,4 MVt olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1311,9 MVt-dır ki, bu da ümumi istehsal gücünün, təxminən, 16,5%-ni təşkil edir.
"Bu dövrdə generasiya gücünün artırılması ilə yanaşı elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edilib. Belə ki, hazırda ümumi gücü 28619 MVA olan 110-500 kV-luq 240 yarımstansiya istismardadır.
Ötən il Azərbaycanda 27,8 mlrd. kVt·st istehsal, 1,67 mlrd. kVt·st ixrac göstəriciləri ilə elektrik enerjisinin istehsalı və ixracı xeyli dərəcədə yüksəlib. 2021-ci ildə 23,4 mlrd. kVt·st elektrik enerjisi istehlak edilib. Bu ilin 9 ayı ərzində 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 807 mln. kVt·st artımla 21,5 mlrd. kVt·st, ixracı isə 775,5 mln. kVt·st artaraq 1,8 mlrd. kVt·st təşkil edib. Türkiyəyə 940,5 mln. kVt·st, Gürcüstana 694,1 mln. kVt·st, İrana 95,6 mln. kVt·st, Rusiyaya 75,6 mln. kVt·st elektrik enerjisi ixrac edilib. Elektrik enerjisinin idxalı isə bu dövrdə azalaraq 104,9 mln. kVt·st olub", - P.Şahbazov qeyd edib.