...

Azərbaycan və ABŞ Transxəzər neft-qaz kəməri layihəsi üzrə müqavilə imzalayıb – əlavə (təfərrüatlar 3-cü və 4-cü abzasda) (video)

Energetika Materials 16 Avqust 2007 18:15 (UTC +04:00)
Azərbaycan və ABŞ Transxəzər neft-qaz kəməri layihəsi üzrə müqavilə imzalayıb – əlavə (təfərrüatlar 3-cü və 4-cü abzasda) (video)

Azərbaycan, Bakı/ Trend / Bugün Bakıda Transxəzər neft-qaz kəmərinin tikintisinin material və dəyərinin öyrənilməsi üzrə qrant müqaviləsi imzalanıb.

Müqavilə Azərbaycan Dövlət Neft Şirkəti və ABŞ-ın İnkişaf və Ticarət Agentliyi arasında imzalanıb. Qrantın məbləği 1,7 mln. dollardır.

Boru kəmərlərindən biri ilə Qazaxıstandan neft Bakı-Tiflis-Ceyhan kəmərinə nəql olunacaq. Digər kəmərlə isə Qazaxıstan və Mərkəzi Asiyanın digər ölkələrinin qazı Xəzərin dibi ilə Avropa və Dünya bazarlarına ixrac olunacaq. Bu barədə USTDA nümayəndəsi Ceyms Vilrotter bildirib.

İki yeni boru kəmərinin texniki cəhətdən öyrənilməsi üçün Amerika və Azərbaycan ekspertləri biryerdə toplanacaqlar. Podratçı şirkətin müəyyən olunması üzrə tenderi isə Azərbaycan Dövlət Neft Şirkəti keçirəcək.

MottMcDonald Ltd (Böyük Britaniya), Kantor Management Consultants(Yunanıstan), KLC Law Firm (Yunanıstan) və ASPI Consulting Engineers (Azərbaycan) şirkətlər konsorsiumu INOGATE layihəsi çərçivəsində qazın Türkmənistandan Avropaya nəql olunmasının mümkün yolları ilə bağlı ilkin TİƏ-ni artıq hazırlayıblar.

Daha prioritet marşrut kimi qazın Xəzər dənizinin dibi ilə sualtı qaz kəməri vasitəsilə nəqli imkanı nəzərdən keçirilir. Həmçinin qazın Rusiya və Brandan tranzit olaraq nəql olunması imkanları müzakirə olunur.

Sualtı qaz kəmərinin çəkilməsi ilkin olaraq 11,5 mlrd. dollar dəyərində qiymətləndirilir. Kəmərin illik buraxılış gücü isə 22 mlrd. kubmetrə qədər təşkil edə bilər. Ekspertlər hesab edirlər ki, bu kəmərin çəkilməsinin texniki şərtləri "mavi Axın" layihəsindən (Qara dənizin dibi ilə Rusiyadan Türkiyəyə) daaha əlverişlidir. Bu, Xəzər dənizinin dərinliyinin daha az olması və hava şəraitinin Qara dənizə nisbətən mülayim olması ilə izah olunur.

Bu kəmər hazırda "Şahdəniz" qazını ixrac edən Cənubi qafqaz qaz kəmərinə qoşula bilər. Gələcəkdə isə bu qazın Yunanıstan və Bolqarıstandan İtaliya və Avropaya nəqli imkanları nəzərdə tutulur.

Cənubi Qafqaz kəmərinin illik buraxılış gücünün 20 mlrd. kubmetr olmasına baxmayaraq ekspertlər kəmərdə qazın nəqli üçün boş həcmin olacağını bildirirlər. Bu da Azərbaycanda qaza olan tələbatın artacağının güman olunması və kəmərin buraxılış gücünün artırılması üçün texniki imkanların mövcud olması ilə izah olunur.

Xəbər lenti

Xəbər lenti