Azərbaycan, Bakı, 30 yanvar /Trend/
Hər gün 1000 manat, hər həftə "Audi" qazandıran "Uğurlu SMS" stimullaşdırıcı lotereyası başa çatıb. "Azercell Telekom" MMC-nin "ABC Content" şirkəti ilə birgə reallaşdırdığı bu kampaniya zamanı 100-dən çox Azercell abonenti bahalı hədiyyələr qazanıb.
"Azercell"dən bazar ertəsi Trend-ə verilən məlumata görə, lotereya müddətində 119 nəfər 1000 manat, 16 nəfər "Audi A3 Sportback" avtomobili, 1 nəfər isə super priz - 100 min manat qazanıb.
Yanvarın 30-da stimullaşdırıcı lotereyanın başa çatması münasibətilə "Azercell Telekom"un əsas binasında hədiyyələrin təntənəli təqdimetmə mərasimi baş tutub. Mərasimdə əsas mükafatın - 100 min manatın sahibi Cəlilabaddan olan "Azercell" abonenti Əliyev İqbal Mirşükür oğluna və son 6 həftədə avtomobil qazanan "Azercell" abonentlərinə hədiyyələr təqdim edilib.
"Uğurlu SMS" adlı stimullaşdırıcı lotereya 20 sentyabr 2011-16 yanvar 2012 tarixləri arasında davam edib. Kampaniya müddətində "Azercell" abonentləri 8228 qısa nömrəsinə mesaj göndərməklə telefon üçün "divar kağızı" əldə ediblər. Hər dəfə göndərilən istək mesajı abonentlərə xallar qazandırıb. Xalların toplanması zamanı iştirakçılara müəyyən bonuslar da verilib.
Lotereyanın qaliblərini müəyyən etmək məqsədilə hər həftə çərşənbə axşamı "ABC Content" şirkətinin ofisində uduş tirajları keçirilib. Tiraj zamanı xüsusi kompüter proqramı təsadüfi seçim prinsipi ilə əvvəlcə avtomobil qalibinin, daha sonra isə 1000 manatlıq hədiyyənin qaliblərinin nömrəsini müəyyənləşdirib. Yanvarın 17-də keçirilən sonuncu tirajda isə 100 000 manatın sahibi bəlli olub.
"Azercell" abonentlərinə əsl uğur gətirən bu kampaniya iştirakçılarının heç biri hədiyyəsiz qalmayıb. Belə ki, 8228-ə mesaj göndərən hər bir stimullaşdırıcı lotereya iştirakçısı telefon üçün pulsuz məzmun və "divar kağızı" qazanıb. Bu hədiyyələri 2 ay ərzində xüsusi saytdan yükləmək mümkündür.