Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir H.Vəliyev/
"Arian-5 ECA" raketdaşıyıcısı Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace/Africasat-1a"nın orbitə buraxılması üçün start hazırlığına gətirilib. Trend-in məlumatına görə, bu barədə "Arianspace"in (raketdaşıyıcının istehsalçısı) yaydığı məlumatda deyilir.
"Arianspace" şirkəti iki peyki orbitə buraxacaq "Arian-5 ECA"-nın missiyaya hazırlığının analizini aparıb. "Ariane 5 ECA" "Azerspace" ilə yanaşı, İspaniyanın raketdaşıyıcının üst birləşməsində yerləşdirilmiş "Amazonas-3" rabitə peykini də orbitə buraxacaq.
Bu missiya zamanı "Arian-5" raketdaşıyıcısının ümumi yükqaldırma qabiliyyəti 10350 kiloqram təşkil edir ki, bunun da 9540 kiloqramı iki peykin kütləsidir.
"Ariane-5" ailəsinin (VA212) sayca 212-ci buraxılışı Qviana kosmik mərkəzindən cümə axşamı, fevralın 8-nə keçən gecə saat 01:36-da, Bakı vaxtı ilə saat 02:20-də həyata keçiriləcək.