...

Nazir: Əfqanıstan Azərbaycan peykinin resurslarından istifadə etməyə maraq göstərir

Telekommunikasiya Materials 10 İyun 2013 17:42 (UTC +04:00)
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov əfqanıstanlı həmkarı Əmirzai Sanginin başçılıq etdiyi 26 dövlət rəsmisindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Nazir: Əfqanıstan Azərbaycan peykinin resurslarından istifadə etməyə maraq göstərir

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir H.Vəliyev/

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov əfqanıstanlı həmkarı Əmirzai Sanginin başçılıq etdiyi 26 dövlət rəsmisindən ibarət nümayəndə heyəti ilə görüşüb. Bu barədə Trend bazar ertəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Görüşdə Abbasov dostluq müstəvisində inkişaf etməkdə olan Azərbaycan-Əfqanıstan münasibətlərində İKT sektorunun xüsusi rolu olduğunu, ölkələrimiz arasında iqtisadi münasibətlərin, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsinin daha da inkişaf etdirilməsində Azərbaycanın maraqlı tərəf kimi çıxış etdiyini qeyd edib.

Ölkəmizin bu gün iki böyük transmilli layihə - BMT-nin Baş Assambleyasının xüsusi qətnaməsi ilə 2012-ci ildə növbəti dəfə siyasi dəstək alan "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) üzrə koordinator, artıq istismarına başlanılan "Europe Persia Express Gateway (EPEG)" layihəsində isə əsas təşəbbüskar və iştirakçılardan olduğunu diqqətə çatdıran nazir layihələrin Əfqanıstanın da İKT sektorunun inkişafına töhfə verə biləcəyini bildirib. Azərbaycanın ilk telekommunikaisya peykinin istifadəsi ilə ölkəmizdə İKT sektorunun inkişafında yeni mərhələyə qədəm qoyulduğunu da söyləyən Ə.Abbasov "Azərspace"in artıq ixrac xidmətlərinə başladığını, "Azərspace"in əhatə dairəsinə daxil olan Əfqanıstanın da ilk milli peykimizin imkanlarından yararlana biləcəyini deyib.

Ölkəsində İKT sektorunun inkişaf təməlinin 10 il əvvəl qoyulduğunu qeyd edən nazir Əmirzai Sangin artıq Əfqanıstanda fiber-optk kabel xətlərinin çəkilişlərinin genişləndirildiyini, bəzi ərazilərinin "3G" texnologiyaları ilə təmin olunduğunu, buna baxmayaraq, hələ də problemlərin mövcud olduğunu və bu problemlərin həllində beynəlxalq əməkdaşlıq, o cümlədən Azərbaycanla xüsusən elektron idarəçilik, elektron həllər sahəsində təcrübə mübadiləsində maraqlı olduqlarını bildirib. Ə.Sangin "Azərspace"in xidmətlərindən yararlanmalarının mümkünlüyünü də vurğulayıb.

Görüşün sonunda işçi qrupunun yaradılması və tərəflər arasında gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması qərara alınıb. Qeyd edək ki, Əfqanıstanın inkişafına Azərbaycanın dəstəyi daha çox e-idarəçilik sahəsində özünü büruzə verir. Əfqanıstana dəstək olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilən bəyanatlardan sonra Azərbaycan Əfqanıstan hökumətinin müvafiq qurumları ilə əməkdaşlığını daha da genişləndirib.

2012-c ildə Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) vasitəsilə Əfqanıstanın inkişafı üçün 150 min dollar məbləğində maliyyə yardımı ayırıb.

Əfqanıstan hökuməti informasiya və kommunikasiya texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini dəfələrlə qeyd edib və Azərbaycanın e-idarəçilik sahəsində nailiyyətlərini nəzərə alaraq, BMTİP-nin Azərbaycanda və Əfqanıstanda ölkə üzrə nümayəndəlikləri e-idarəçilik sahəsində Azərbaycanın Əfqanıstana yardım göstərməsinə dəstək olmağa dair razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti