Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir H.Vəliyev/
Ukraynanın "Ukrkosmos" dövlət müəssisəsi açıq formatda yayımlanan ölkə telekanallarının Azərbaycanın "Azerspace/Africasat-1a" telekommunikasiya peykinin köməyi ilə sınaq yayımına başlayıb. Bunu çərşənbə axşamı Trend-ə "Ukrkosmos"dan deyiblər.
Hazırda Azərbaycan peyki vasitəsilə "Mədəniyyət", "Mərkəzi kanal" (KDRTRK), "Lviv TV", "UTR", "ОЕ", "Boutique TV", "ChePe Info" və "Radio Antoshka" televiziya kanallarının sınaq yayımı həyata keçirilir.
Dövlət müəssisəsindən qeyd ediblər ki, fevralın sonunadək telekanallar tam olaraq Azərbaycan peykinin resurslarına keçiriləcək.
Televiziya kanallarının Azərbaycan peykinin resurslarına keçirilməsi üzrə "Azərkosmos" ASC və "Ukrkosmos" arasında müqavilənin imzalanması fevralın sonuna gözlənilir.
Qeyd edək ki, hazırda Azerspace/Africasat-1a peyki vasitəsilə təqribən 70 televiziya və radiokanal yayımlanır.