İran xalqının dinc nüvə proqramına olan hüququ dialoq mövzusu ola bilməz, Qərb ölkələrinin yürütdükləri dialoq siyasəti ilə təzyiq isə bir araya sığmır. Bu barədə Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili Cenevrədə danışıqların yekunları ilə bağlı bildirib.
"Biz [dinc nüvə proqramı üzrə] xalqımızın hüququnun müzakirə olunmasına imkan verməyəcəyik, çünki bu hüquq dialoq mövzusu ola bilməz, - Cəlili bildirib. - Biz hesab edirik ki, dialoq siyasəti ilə təzyiq bir araya sığa bilməz".
Çərşənbə axşamı Cenevrədə İranın nüvə proqramı ilə bağlı danışıqların növbəti mərhələsi başa çatıb. Danışıqlarda "altılıq" (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya və Almaniya) ölkələrinin xarici işlər nazirləri müavinləri və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton iştirak edib. İranı danışıqlarda Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili təmsil edib.
İranın "altılıq"la danışıqları 2009-cu ildə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Şurası səs çoxluğu ilə Qum şəhəri yaxınlığında uranın zənginləşdirilməsi üzrə ikinci zavodun inşasına görə İranı mühakimə edən qətnamə qəbul etdikdən və Tehranı "agentliyə bəyan edilməyən digər nüvə proqramlarının həyata keçirilməsi barədə qərar qəbul edilməməsi"ni təsdiq etməyə çağırdıqdan sonra dayandırılmışdı.
Danışıqlar prosesinin yekunu üzrə yanvarın sonunda İstanbulda müzakirələrin davam etdirilməsi haqqında qərar qəbul edilib.
Cəlilinin sözlərinə görə, dialoqun məqsədi təkcə nüvə problemi üzərində cəmlənməyən əməkdaşlıqdır.
"Bu dialoq hamını narahat edən ümumi problemlər üzrə əməkdaşlıq üzərində qurulub", - o deyib.
Cenevrədə görüşlər zamanı tərəflər kütləvi qırğın silahlarının yayılmaması rejimi, silahsızlaşma və dinc nüvə araşdırmaları daxil olmaqla, geniş əhatəli məsələləri müzakirə ediblər. Hər üç məsələ iki il əvvəl İranın "altılığ"a göndərdiyi təkliflər paketinə daxil edilib.
Rəsmi Tehran danışıqlar başlamazdan əvvəl dəfələrlə bəyan edib ki, onun nüvə sahəsindəki tədqiqatlar aparmaq hüququ müzakirə mövzusu ola bilməz.
İran nümayəndə heyəti rəhbərinin sözlərinə görə, Cenevrəyə səfər etməzdən əvvəl bəyan edilib ki, İİR ümumi vəzifələrin həlli işində özünün siyasi və iqtisadi regional potensialından istifadə etməyə hazırdır.
"Danışıqlarda biz bu məsələləri ciddi şəkildə müzakirə etdik, - Cəlili bildirib. - Öz növbəsində iri dövlətlər öz baxışlarını ifadə etdilər. Biz ümumi problemlərlə bağlı danışıqların bərpa edilməsinə dair razılığa gəldik. Bu barədə xanım Eştonun cavabında da deyilir və bu, "P5+1" qrupu tərəfindən təsdiq olunub. Biz həmçinin bu ümumi bəndlər üzrə danışıqlara hazır olduğumuzu da təsdiqlədik".
İranın nümayəndə heyətinin rəhbəri hesab edir ki, müzakirələr üçün vacib olan məsələlərdən biri də nüvə silahsızlaşdırılması məsələsidir.
"Əgər bu mövzu üzrə dialoq dünyanın nüvə silahından azad edilməsi naminə əməkdaşlığa gətirib çıxaracaq, nüvə silahının yayılmasının qarşısını alacaq və ölkələr arasında sülh əməkdaşlığına yardım edəcəksə, onlar faydalı ola bilərlər", - o deyib.
İrana qarşı tətbiq olunan sanksiyalarla bağlı Cəlili güman edir ki, bir sıra ölkələr ölçülərin sərtləşdirilməsi haqqında qərar qəbul edərkən hesabda səhvə yol veriblər.
"Onların hesablamaları səhv həllə gətirib çıxarıb, - o bildirib. - Əvvəllər onlar hesab edirdilər ki, sanksiyalar vasitəsilə İran millətinin irəliləyişinə mane ola bilərlər. Bu gün biz qeyd edirik ki, bu sanksiyalar həmin ölkələrin özlərinə ziyan vurub, onlar İran bazarına daxil olmaqdan məhrum olublar".
Bundan əlavə, Cəlili Tehranda fiziklərin öldürülməsi məsələsinə də toxunub və baş verənlərə görə BMT TŞ-nin məsuliyyət daşıdığını bildirib.
"Bu, öz qətnamələrində iranlı alimlərin adlarını açıqlamaqla terrorçulara öz niyyətlərini həyata keçirməkdə kömək edən BMT TŞ üçün böyük qalmaqaldır, - o deyib. - BAEA müfəttişləri iranlı allimlərin adlarını BMT TŞ-yə təqdim ediblər və alimlərin adları dərc edildikdən sonra onlara sui-qəsd olunub. Bu məsələ ilə bağlı beynəlxalq birliyə izahat vermək lazımdır".
Noyabrın 29-da Tehranda iki ali məktəb müəlliminin olduğu avtomobillər partladılıb. Partlayışlar səhər saat 07:00-08:00 radələrində müəllimlərin öz ailə üzvləri ilə birgə işə getmək üçün evdən çıxdıqları vaxt baş verib. Tehranın şimalındakı Şəhid Behişti Universitetinin yaxınlığında baş vermiş terror aktı nəticəsində bu ali məktəbin müəllimi Məcid Şəhriyari həlak olub, həyat yoldaşı və daha bir sərnişin ağır yaralanıb. Şəhid Behişti Universitetinin digər müəllimi Firudin Abbasi və onun həyat yoldaşı isə Ərteş xiyabanı yaxınlığında baş verən partlayışda yaralanıblar. Məlumata əsasən, alimlərin hər ikisi İranın nüvə texnologiyaları sahəsində çalışıblar. BMT Təhlükəsizlik Şurasının 1747 saylı qətnaməsində sanksiya tətbiq edilən şəxslər siyahısında Firudin Abbasinin də adı var.
İran rəsmiləri Tehranda iki universitet müəlliminə qarşı törədilən partlayışdan sonra ABŞ, İsrail, Böyük Britaniya kəşfiyyatını, NATO və digərlərini birbaşa və ya dolayısı ilə hadisəni törətməkdə ittiham edirlər.