Bakı. Trend:
"Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus Telegram kanalında bildirib ki, Yer kürəsində güclü maqnit qasırğası başlayıb.
"18 saatdan sonra (17 avqust) geomaqnit sahəsinin indeksi 6 vahidi keçdi ki, bu da G1 sinfinin orta maqnit qasırğasının səviyyəsinə uyğundur", - Leus yazıb.
Trend-in məlumatına görə, sonradan geomaqnit sahəsinin göstəriciləri artıb və bir neçə saatdan sonra maqnit qasırğası G3 sinfinə çatıb. Bu cür hadisələr peyklərin və elektrik şəbəkələrinin işində fasilələrə səbəb ola bilər.
Sinoptik bildirib ki, intensivliyi zəifdən güclüyə qədər dəyişən tufan bazar günü günortaya qədər davam edəcək.
Avqustun 12-də Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş rentgen astronomiyası laboratoriyası Yerin maqnit sahəsində G3 səviyyəli güclü qasırğanın qeydə alındığını bildirib. Ayın əvvəlində alimlər planet miqyaslı maqnit qasırğasının başlaması, onun səviyyəsinin də G3 səviyyəsinə çatması barədə xəbərdarlıq ediblər.