...

Bu ildən respublika fənn olimpiadaları yeni qaydada keçirilir

Cəmiyyət Materials 15 Yanvar 2015 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Bu tədris ilindən başlayaraq, Azərbaycanda orta məktəb şagirdləri üçün respublika fənn olimpiadalarının keçirilməsində bir sıra yeniliklər tətbiq edilib. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Nazir müavini qeyd edib ki, artıq respublika fənn olimpiadalarının birinci mərhələsi - rayon və şəhər turu bir neçə gün bundan əvvəl yekunlaşıb. Bu mərhələdə 8 fənn üzrə 22 min şagird iştirak edib: "Belə kütləviliyin olması bizi çox sevindirir. Respublika fənn olimpiadalarının final mərhələsinin apreldə keçirilməsi planlaşdırılır. Final mərhələsində hər bir fənn üzrə 60 şagirdin iştirak etməsi nəzərdə tutulur. Hesab edirik ki, bu say bizə yüksək nəticə qazanmağı təmin etməyə imkan yaradacaq".

C.Bayramov deyib ki, olimpiadalarda, fənn müsabiqələrində yüksək nəticə əldə etməyin əsas amillərindən biri sağlam rəqabətdir. Nazir müavini hesab edir ki, fənn müsabiqələrinin uzunmüddətli keçirilməsi uşaqların daha yaxşı hazırlaşmasına, onlara rəqabət mühitinin öyrədilməsinə, komandaların formalaşmasına öz müsbət təsirini göstərəcək.

Onun sözlərinə görə, TN-in əsas işlərindən biri istedadlı uşaqların daha erkən yaşlarda müəyyən olunması, onlarla uzunmüddətli işin aparılmasıdır. İstedadlı uşaqlarla işin təşkili istiqaməti 2015-ci ildə TN-in daim diqqətində olacaq və fəaliyyətinin əsas istiqamətlərindən biri olacaq.

Nazir müavini bildirib ki, Azərbaycan Prezidenti tərəfindən 2013-cü il oktyabrın 24-də təsdiqlənmiş "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası" istedadlı uşaqların müəyyən edilməsi, onların inkişafına yönəlmiş hədəfləri özündə əks etdirir. İstedadlı uşaqların müəyyən edilməsi və onların inkişafı sahəsində dövlət proqramlarının hazırlanması və icrası, cəmiyyətin və dövlətin maraqları baxımından istedadın erkən yaşdan müəyyən edilməsi, onun inkişafının təmin olunması istiqamətində proqramların, beynəlxalq təcrübəyə əsaslanan diaqnostik metodikanın hazırlanması, hər bir istedadlı uşaq üçün fərdi təhsil və inkişaf proqramlarının təşkili iş planına daxıl olan əsas məqamlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti