...

Bakıda IV Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Mədəniyyət Materials 6 Sentyabr 2012 17:34 (UTC +04:00)
Sentyabrın 18-29-da Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş IV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Bakıda IV Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Sentyabrın 18-29-da Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş IV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Nazirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, ötən illərdə olduğu kimi, bu il də festival çərçivəsində Bakının konsert zallarında, teatr səhnələrində və muzeylərində Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, Argentina və İtaliyadan dünya şöhrətli musiqiçilər və kollektivlərin iştirakı ilə tədbirlər keçiriləcək.

Festival çərçivəsində "Üzeyir evinin qonaqları" adlı yeni musiqi layihəsi təqdim olunacaq. Layihədə gənc istedadlarla görüşlər, kamera musiqisi konsertləri keçiriləcək.

Eyni zamanda, C.Puççininin "Canni Skikki" operası (Azərbaycanda ilk ifa), Q.Qarayevin "Yeddi gözəl" baleti, Ağcabədi "Qarabağ" Muğam Mərkəzində Üzeyir Hacıbəyli "O olmasın, bu olsun" tamaşaları nümayiş olunacaq.

Festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında yeni çap olunmuş kitabların təqdimatı və "Üzeyir Hacıbəyli və musiqili qəzəl janrının Azərbaycanda inkişaf yolları" adlı elmi-praktiki konfransın keçirilməsi də nəzərdə tutulub.

Bu ildən etibarən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı Rusiyanın "Musiqi Olimpi" Fondu ilə əməkdaşlığa başlayıb. "Musiqi Olimpi" Fondunun xətti ilə gənc beynəlxalq müsabiqə laureatlarının konsertləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti