Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatovun Trend-ə özəl müsahibəsi
- Bakının Baş planı 2020-2040-ci illəri əhatə edir. Artıq 3 il geridə qalıb, bu faktor Baş planın icrasında çətinliklər yarada bilərmi?
- 2020-ci ildə artıq Bakının Baş planının əsas müddəaları işlənib hazırlanmışdı. Sadəcə baş verən proseslər, xüsusilə pandemiyanı vurğulayardım ki, bu səbəbdən layihənin hazırlanması prosesinə cəlb etdiyimiz mütəxəssislərin işində yaranan fasilələr, həmçinin razılışdırma prosesində yaranan uzanmalar yekun olaraq layihənin qəbul olunmasına təsir edən amillər idi. Lakin, biz Komitə olaraq plan üzərində tələb olunan işləri görürdük, layihənin əsas müddəları hazırlanmışdı. Ona görə də, demək olmaz ki, ötən müddət ərzində Bakı şəhəri plansız inkişaf edib.
Biz bilirdik ki, harada nə olacaq, hara yaşayış ərazilərdir, hara rekreasiya əraziləridir, küçələr, yol şəbəkələri necə qurulacaq, turizim əraziləri hansıdır və s. Baş Plan üzrə şəhərin əsas inkişaf istiqamətləri müəyyənləşdiyinə görə gündəlik fəaliyyətimizdə də bunları rəhbər tutaraq qərarlar qəbul edirdik.
Eyni zamanda Baş Planın hazırlanması tək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətindən ibarət deyil, bir çox dövlət qurumlarının fəaliyyətinin cəmləşdiyi sənəddir. Bu sənəddə müvafiq dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər nəzərə alınır və görülən işlər də Baş Planda nəzərdə tutulan qərarlarla əlaqələndirilmiş formada aparılır. Bütün bu amilləri nəzərə alsaq, ötən dövrü itmiş müddət hesab etmirəm.
Baş Planın birinci mərhələsi 2020-2027-ci illəri əhatə edəcək. Adətən mərhələlər 4-5 ili əhatə edir, lakin biz 7 il nəzərdə tutmuşuq, bu da bilavasitə texniki məsələlər, razılaşdırma prosesi ilə bağlıdır. Razılaşdırma mərhələsi olduqca mürəkkəb prosedurdur, çünki müvafiq dövlət qurumları Baş Planın şərtlərini qəbul etməlidirlər və öz razılıqlarını bildirməlidirlər.
- Bakının sonuncu Baş planı 2005-ci ilədək olan dövrü əhatə edib, yəni Bakı 18 il Baş plansız inkişaf edib. Mövcud vəziyyət planın hazırlanmasına nə qədər mane olub?
- Baş Plandan əvvəl də Bakı üzrə müəyyən ərazi planlaşdırılma sənədləri hazırlanmışdı. Bu sənədlər hazırlanarkən müəyyən həcmdə məlumatlar toplanmışdı. Baş Planın hazırlanması zamanı əsas məsələlərdən biri də mövcud vəziyyətin təhlilidir. Planlaşdırma zamanı isə dünya təcrübələri əsasında, texnoloji yeniliklər nəzərə alınmaqla işlər aparılıb. Çətinliklərə gəldikdə isə ən çox məlumatların toplanılmasında, xüsusilə əmlakla bağlı məlumatların toplanıb sistemləşdirilməsində çətinliklər olur. Plan hazırlanarkən biz bütün müvafiq qurumlarla sıx əməkdaşlıq qura bildik. Qeyd edim ki, sənədin hissələrini aidyyəti qurumlarla razılaşdırmaq, uzalşdırmaq olduqca çətin prosesdir. Sonda bütün tərəflərin maraqlarını nəzərə alıb, ortaya yekun sənəd çıxarmaq xeyli əmək sərf edən iş olur. Düşünürəm ki, biz bunun öhdəsindən gələ bildik.
- Baş planın icrası istiqamətində 2024-cü ildə hansı addımlar atılacaq?
- 2027-ci ilə qədər müəyyən hədəflər var. Həmin hədəflər eyni zamanda növbəti mərhələdə nəzərdə tutulan işlərin icrası üçün zəmin hazırlayır. İlkin mərhələdə əsas məsələlərdən biri nəqliyyat infrastrukturu ilə bağlıdır. Bir neçə vacib istiqamətlərdə nəqliyyat xətlərinin çəkilməsi prioritetdir. Artıq bu istiqamətdə işlərə başlanılıb.
Dəmiryol şəbəkəsinin yenilənməsi ilə bağlı proqram var, bu proqrama uyğun işlər görülür. O cümlədən kommunikasiya xətləri ilə bağlı işlər davamlı olaraq icra olunur. Bu işlər ilk növbədə görülməsi tələb olunan proseslərdir ki, digər mərhələnin işləri başlanıla bilsin.
Bərpa olunan enerji üzrə böyük layihələr həyata keçirilir. Bütün bunlar ərazilərin inkişafı üçün zəmin rolunu oynayır.
- Planda əsas məqsəd kimi Bakının çoxmərkəzli və dayanıqlı şəhərə çevrilməsi göstərilib. Bu haqda geniş məlumat verə bilərsinizmi? Mərkəzlər nəyə xidmət edəcək?
- Ötən əsrin 20-ci illərindən urbanizasiyalaşma prosesləri sürətləndikcə müxtəlif şəhərsalma nəzəriyyələri yaranırdı. Bu nəzəriyyələrin üzərində də daim təkmilləşmə prosesi gedir. Ötən əsrin 50-ci illərində “peyk” şəhərlər aktiv müzakirə olunmağa başlamışdı. Azərbaycanda Sumqayıt şəhəri Bakının peyk şəhəri kimi düşünülmüşdü. O dövrdə Bakının ətrafında peyk şəhərlərin yaradılması düşünülürdü. Həmin dövr üçün bu qərarlar yenilik olsa da, çatışmazlıqlar da var idi, zaman keçdikcə bu yanaşmaların heç də bütün tələblərə cavab vermədiyi məlum olurdu.
70-ci illərdən başlayaraq isə şəhərlərin çoxmərkəzli olaraq planlaşdırılması tezisləri irəli sürüldü. Bu nəzəriyyə də daim yenilənirdi. 21-ci əsrin əvvəlindən çox mərkəzli inkişaf yanaşmalarında yeni tendensiyalar yaranmağa başladı. Bakı şəhərinin Baş Planının hazırlanmasında da haqlı olaraq çoxmərkəzli yanaşma tətbiq olundu. Çoxmərkəzli yanaşma həm mərkəzəqaçma meyillərini azaltmağa, həm də prosesləri tənzimləməyə imkan verən yanaşmadır. Çoxmərkəzli yanaşmada tətbiq olunan mərkəzlərin ierarxiyası isə müxtəlif kateqoriyalı mərkəzləri nəzərdə tutur.
Bakı şəhərinin mərkəzi - Mərkəzi Planlaşdırma Rayonu olaraq Baş planda təsbit olunub (beynəlxalq temində bu “CBD” (Central business district) adlandırılır). Eyni zamanda əsas mərkəzlə yanaşı Regional Mərkəzlər də təklif olunur. Regional Mərkəz olaraq Ələt, Sumqayıt, Mərdəkan istiqamətləri nəzərdə tutulur. Düşünürük ki, həmin ərazilərdə urbanizasiyalaşma prosesi artan tepmlə gedir. Ələtdə azad iqtisadi zona yaradıldı, bu prosesin davamı olaraq orada regional mərkəzin yaradılması realdır. Həmçinin Mərdəkan da tarixən müəyyən məskunlaşma qrupları üçün mərkəz rolunu oynayıb, Sumqayıt isə artıq regional mərkəz kimi fəaliyyət göstərir. Sumqayıta müəyyən əlavə funksiyalar verərək, inkişaf etdirməklə onun mövqeyinin daha da gücləndirilməsi nəzərdə tutulur.
Regional mərkəzlərdən əlavə alt mərkəzlərin də yaradılması nəzərdə tutulur. Göründüyü kimi alt mərkəzlər aralıq fünksiyanı oynayacaq. Bakının mərkəzinə doğru girişlərdə – Sabunçu, Binəqədi, Lökbatan, Xırdalan, Zığ-Hövsan istiqamətlərinə alt mərkəzlərin yaradılması düşünülür. Bu mərkəzlərin də hər birinin öz funksiyaları olacaq. Bu funksiyalar geniş əhatəlidir, belə ki, Bakının mərkəzində olan funksiyaların əhəmiyyətli bir hissəsi həmin alt mərkəzlərdə də olacaq. Əhalinin müəyyən sosial, xidmət, istirahət, əyləncə ehtiyaclarının qarşılanması üçün həmin mərkəzlərdə bütün şəraitlər yaradılacaq, məşğulluqla bağlı məsələlərin də öz əksini tapacağı düşünülmüşdür. Bu yanaşmalar imkan verəcək ki, dayanıqlı və tarazlaşmış inkişaf təmin olunsun.
- Bakıda Mərkəzi Rayonun yaradılacağı ilə bağlı mətbuatda bir çox məlumatlar yayılmışdı. Layihədə gördük ki, “Əsas şəhər mərkəzi” sistemləşdiriləcək. Bunları eyniləşdirmək olarmı və ümumilikdə “Əsas şəhər mərkəzi” hansı əraziləri əhatə edəcək? Bu mərkəzin yaradılmasında məqsəd nədir?
-Burada əsas diqqət edilən məsələ, əhalinin gözlədiyi xidmətlərin əlçatanlığıdır. Məsələn 15 dəqiqəlik piyada əlçatanlığı radiusunda insan nə qədər xidmətlə təmin oluna bilər məsələsi əsas faktordur. Xidmət dedikdə səhiyyə, təhsil, əyləncə, mədəniyyət, yəni bütün istiqamətləri nəzərdə tuturuq. Mərkəzin üstünlüyü də insanların daha çox xidmətlərlə təmin olunduğu bir məkan olmasıdır.
Baş planda “Əsas şəhər mərkəzi”nin sərhədləri müəyyənləşdirilmişdir. Mərkəzin şimal sərhədi kimi Bakıxanov küçəsi, Nərimanov prosepekti qərb sərhədi, Neftçilər prospekti cənub, Y.Səfərov küçəsi onun şərq sərhəddi kimi götürülür. Həmin bu ərazi mərkəzi planlaşdırma rayonu olaraq qeyd olunur.
Qeyd etdiyim kimi, əhalinin əksər tələbatları bu ərazidə cəmləşib. Bu ərazinin özü isə 3 pilləli bölgüyə malikdir. Birinci İçərişəhərin yerləşdiyi və onun mühafizə olunan hissəsi, tarix qoruq ərazisidir, burada heç bir dəyişiklik edilə bilməz. İkinci ərazi xüsusi mühaifə zonası adlandırılan ərazidir ki, bu da 425 ha sahəni əhatə edir. Bu hissədə də tarixi memarlıq abidələrinin çox sıx olduğu hissədir.Üçüncü isə 1000 ha-dan çox sahəni əhatə edən mərkəzi planlaşdırma rayonudur.
- Layihədə paytaxtımızın nəqliyyat sisteminin təkmilləşdirilməsi üçün hansı işlər nəzərdə tutulub? Paytaxt sakinlərini ən çox maraqlandıran məsələlərdən biri də tramvaydır. Yaxın gələcəkdə tramvay xətlərinin çəkilməsi layihədə varmı?
- Baş plan hazırlanarkən nəqliyyat məsələsi priroitet mövzudur, şəhərin planlaşdırma sturkturu məhz küçə-yol şəbəkəsi üzərində qurulur. Bizim də ən çox əhəmiyyət verdiyimiz məsələ bu sahə olub.
Yanaşmalarda birinci istiqamət avtomobil yollarının yenidənqurulması məsələləri idi. Bakının girişlərində və şəhərin daxilində yaranan tıxacların aradan qaldırılması üçün küçə-yol şəbəkəsinin təkmilləşdirilməsi əsas vəzifələrdən biri kimi qoyulmuşdur. Yanaşma belə olmuşdur ki, Bakının küçə-yol şəbəkəsi formalaşmış sistemdir və əsaslı dəyişilə bilməz. Burada yalnız alternativ xətlər çəkməklə yüklənmiş yollarda yükü azaltmaq olar. Hərəkətin intensivliyi müşahidə olunan yollara parallel alternativ yolların planlaşdırlması ilə bağlı sistemli tədbirlər düşünülüb. Bu prosesdə aidiyyəti qurumların aktiv iştirakı ilə tədbirlər hazılranıb və hökumətə təqdim olunub.
İkinci məsələ metro xətləri ilə bağlıdır. Hazırda 27 metro stansiyası var və 2040-ci ilə qədər bu stansiyaların sayının 46-ya çatıdırlması nəzərdə tutulur. Bunun öhdəsindən gələ bilsək, şəhərin nəqliyyat məsələlərinin əhəmiyyətli bir hissəsi də metro vasitəsilə həll olunacaq.
Bir sıra yerli mətbuatda yalnış təhrif olunaraq Xırdalanda metro çəkilməsi məsələsi isə reallığı əks etdirmir.
Digər aktiv bir istiqamət dəmir yol şəbəkəsi ilə bağlıdır, yenidən qurulma üzrə işlər görülür. Bununla bərabər həm Zirə, həm də Maştağa istiqamətində dəmir yol xətlərinin bərpa və yenidən qurulması ilə bağlı məsələ Baş Planda öz əksini tapıb.
Tramvaylara gəldikdə isə düşünürük ki, yeni relslər qurulmayacaq. Hazırda da dünyada daha çox relssiz tramvay xətlərinə üstünlük verilir. Onun müxtəlif formaları mövcuddur, paytaxtda da onlardan istifadə oluna bilər.
İctimai nəqliyyat, metro, dəmir yol xətlərinin sxemi qurulduqdan sonra müəyyən ərazilərdə nəqliyyatla bağlı probemlərin yenə də olacağını görürük. Bu ərazilər əhalinin ən sıx toplandığı yerlərdir. Biz həmin ərazilrədə əlavə ictimai nəqliyyat növü olaraq tramvay xətlərinin qurulmasını təklif edirik. Bu xətlər əhalinin piyada hərəkətinin aktiv olduğu, ticarət mərkəzlərinin çox olduğu, eyni zamanda yaşayış ərazilərinin çox olduğu yerləri əhatə edəcək. Düşünürük ki, tramvay xətlərinin qurulması sözügedən yerlərdə nəqliyyat probleminin həllində əhəmiyyətli addım ola bilər.
- Layihədə qeyd olunan “Hibrid Yaşıl Dəhlizlər” barədə məlumat verə bilərsinizmi? Ümumilikdə, Bakıda yaşıllıq zonaları 2040-cı ilə qədər neçə faiz artırılacaq?
- Konkret ərazilərdə yaşıllıqlara qarşı işlər görülmüş ola bilər, amma ümumilikdə Bakı şəhərində yaşıllıqlar azalmayıb. Xüsusən Abşeron yarmadasında, hava limanı istiqamətində böyük yaşıllıq zolaqları salınır. Bu gün Bakıda adambaşına 4 m² yaşıllıq sahəsi düşür. Biz baş planda bunun 2 dəfə arıtırlmasını və 8 m² çatıdırlmasını düşünürük. Adətən böyük şəhərlərdə bir nəfər üçün 8-10 m² yaşıllıq sahəsi olur. Həmin yaşıllıq sahələrinin harada olması da Baş Planda təsbit olunub. Abşeron yarmadasında, Xocasən gölü ətrafında, həmçinin Dəniz kənarı Milli Parkın Zığ istiqamətində genişləndirildiyi ərazilərdə.
"Hibrid Yaşıl Dəhlizlər"ə gəldikdə isə bu dəhlizlər çox funksiyalı olacaqlar. Burada təkcə yaşıllıq nəzərdə tutulmur, insanların piyada hərəkəti, velosiped zolaqları təşkil olunur. Bu dəhlizlər vasitəsilə nəqliyyat və mühəndis kommunikasiyalarının ötürülməsi nəzərdə tutulur.
"Hibrid Yaşıl Dəhlizlər"dən biri kimi Dənizkənarı Milli Parkdan "Port Baku" yerləşən ərazidən başlayaraq ADA universitetinin ərazisinə qədər uzanan bir dəhlizin yaradılması Baş Planda nəzərdə tutulur. Bu dəhlizdə paytaxt sakinlərnin istirahətini, əyləncəsini təşkil edən çoxlu sayda funksiyalar nəzərdə tutulub. Həmçinin, oradan tramvay xəttinin keçirilməsi də planlaşdırılır. Digər istiqamətlər üzrə də "Hibrid Yaşıl Dəhlizlər"in yaradılması planlaşdırılır, xüsusilə magistral avtomobil yolları boyu belə dəhlizlər nəzərdə tutulur.
- Paytaxtın müəyyən hissələrində ciddi sıxlıq müşahidə olunur. Layihənin icrası sıxlığa necə təsir edəcək?
-Sıxlığın tənzimlənməsi və nizamlanması istiqamətində konkret həllər, planlar var. Bakının hansı ərazilərdinə hansı həcmdə binaların tikilə bilinməsi Baş Planda nəzərdə tutulub.
Ərazilər tikinti sıxlığına görə 4 katqoriyaya bölünüb: yüksək, orta, az və seyrək sıxlıqlı əraizlər
Yüksək sıxlıqlı ərazilər 9 və daha yüksək mərtəbəli binaların olduqları ərazilərdir, orta sıxlıqlı 5-8, az sıxlıqlı 3-4 mərtəbəli, və seyrək sıxlıqlı isə fərdi yaşayış evlərinin olduğu ərazilərdir. Bunlar Baş Planda öz əksini tapıb və tənzimlənir.
Gələcəkdə sahibkarlıq fəaliyyəti çərçivəsində və ya dövlət qurumları tərəfindən hər hansı tikinti işlərinin icrası istənilərsə bu sıxlıqları nəzərə alacaqlar. Sıxlıq zonalarının konkret hədləri var ki, ondan artıq tikmək imkanları olmayacaq.