...

17 nəfərə qarşı dələduzluq edən vəkilin şikayəti təmin edilmədi

Hadisə Materials 3 Dekabr 2021 15:40 (UTC +04:00)
17 nəfərə qarşı dələduzluq edən vəkilin şikayəti təmin edilmədi

Bakı. Samir Əli - Trend:

Bakı Apellyasiya Məhkəməsində 17 nəfərə qarşı dələdzluqda təqsirləndirilərək həbs edilən vəkil Qəhrəman Pirməmmədovun Yasamal rayon Məhkəməsinin hökmündən verdiyi şikayətə baxılıb.

Trend-in məlumatına görə, prosesdə şikayət araşdırılsa da təmin edilməyib.

Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili olan Qəhrəman Pirməmmədov 2019-cu ildə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.

O, birinci dəfə vəkil həmkarı Könül Salehovanın şikayəti əsasında Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilib.

Qəhrəman Pirməmmədov həmkarı Könül Salehovanın hüquqlarını müdafiə etdiyi şəxsin işini “həll etmək” adı ilə pul alıb. Belə ki, Könül Salehova adam öldürməyə görə həbs edilən Vüsal Rəhimovun müdafiəçisi olub.

Q.Pirməmmədov Vüsala verilən cəzanın digər instansiya məhkəmələrində yüngülləşdirəcəyini, mərhumun yaxınlarını tanıdığını, onlardan şikayət etməmələri ilə bağlı razılıq alacağını vəd verərək 12 min manat pul alıb. Həmin pulların bir hissəsinə evini təmir etdirib, bir hissəsi ilə isə borclu olduğu şəxslərin pulunu qaytarıb.

Vüsal Rəhimovun növbəti məhkəməsində Qəhrəman Pirməmmədovun dediklərinin yalan olduğu, mərhumun yaxınlarının şikayətlərini geri götürmədikləri məlum olub.

Könül Salehovanın şikayətlərindən sonra Q.Pirməmmədov barəsində cinayət işi açılıb. Bu işlə bağlı istintaq davam edən ərəfədə Q.Pirməmmədov barəsində daha 16 epizod üzrə şikayətlər üzə çıxıb.

Belə ki, Q.Pirməmmədov bir vətəndaşdan mənzilini qanunsuz zəbt edən məcburi köçkünlərin həmin ünvandan məhkəmə qərarı əsasında çıxarılacağına nail olacağını deyrək 2000 min manat, başqa bir şəxsdən Bakı Apellyasiya Məhkəməsinin qərardadını Ali Məhkəmədə ləğv etdirəcəyi vədi ilə 4500 manat, üçüncü şəxsdən onun əleyhinə olan Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv etdirəcəyini deyərək 1300 manat, digər zərərçəkmişdən banka girov qoyulmuş evinin müsadirə edilməsinin qarşısını alacağını, borcu hissə-hissə ödəməyi məhkəmə vasitəsi ilə təmin edəcəyini vəd verərək 3600 manat pul alıb.

Qeyd edilənlərdən əlavə daha 12 nəfəri də müxtəlif hüquqi yardımlar göstərmək adı ilə 1300-4300 manat civarında pullarını alaraq aldadıb.

Bildirək ki, Q.Pirməmmədov 1987-ci ildən 1992-ci ilədək Qubadlı hüquq məsləhətxanasında vəkil, 1992-ci ildən 2005-ci ilədək Tər-Tər Hərbi prokurorluğunda prokuror köməkçisi, 2005-ci ildən 25 iyul 2018-ci ilədək Sumqayıt şəhər Vəkil Bürosunda vəkil kimi fəaliyyət göstərib. Onun barəsində şikayətlər 2018-ci ildən başlayıb və vəkillik fəaliyyəti dayandırılıb.

Q.Pirməmmədov ikinci dəfə Yasamal rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4- cü maddələri ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib. Əvvəlki cəzası da birləşdirilməklə qəti olaraq 4 il müddətinə azadlqıdan məhrum edilib.

Hökmdən narazı qalan Q.Pirməmmədov apelyasiya şikayəti versə də, onun şiakyəti təmin edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti