Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir T.Konyayeva/
Azərbaycanın müstəqil politoloqları Ermənistan tərəfindən işğal olunan beş rayonun yaxın zamanda azad ediləcəyini proqnozlaşdırırlar.
"Mənim fikrimcə, Ankara və yerevan arasında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş beş rayonunun qaytarılmasına dair müəyyən razılıq var", - cümə günü Politoloqların Diskussiya Klubunun "Futbol diplomatiyasının sonu: Bəs sonra?" mövzusunda keçirilən iclasında Azərbaycanın müstəqil politoloqu Rasim Ağayev bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Ağayevin sözlərinə əsasən, Ermənistan-Türkiyə münasibətləri ətrafında anlaşılmazlıq çoxdur, Ermənistan tərəfinin güzəştə getməsi və danışıq aparmağa hazır olması, Rusiya və ABŞ arasında bu məsələyə dair razılıq təəccüb doğurur. Politoloqların fikrincə, ola bilsin ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş beş rayonunun qaytarılması barədə razılıq var.
Diplomatik münasibətlərin bərpasına dair Türkiyə-Ermənistan protokollarının imzalanması təkcə bu iki ölkənin təşəbbüsü deyil, digər azərbaycanlı politloq Fikrət Sadıqov belə hesab edir. Onun fikrincə, Ermənistan və Türkiyə parlamentləri bu protokolları imzalayacaq. Sonra, Azərbaycanın işğal olunmuş beş rayonunun qaytarılması prosesi başlaya bilər.
Ermənistan və Türkiyə oktyabrın 10-da Sürixdə 1993-cü ildə kəsilən diplomatik münasibətlərin bərpasına dair protokol imzalayıblar.
Müstəqil politoloq Zərdüşt Əlizadənin də proqnozuna əsasən, Azərbaycanın işğal olunmuş beş rayonu yaxın zamanda azad ediləcək, qaçqınlar öz yerlərinə qayıdacaq, kommunikasiyalar bərpa olunacaq, beş ildən sonra isə Kəlbəcər və Laçın qaytarılacaq.