...

Dağlıq Qarabağa müstəqilliyin verilməsi gələcək danışıqların mövzusu ola bilməz – Azərbaycan XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyul 2010 14:20 (UTC +04:00)
Dağlıq Qarabağa müstəqilliyin verilməsi gələcək danışıqların mövzusu ola bilməz. Bunu jurnalistlərə bazar ertəsi ukraynalı həmkarı ilə birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Dağlıq Qarabağa müstəqilliyin verilməsi gələcək danışıqların mövzusu ola bilməz – Azərbaycan XİN rəhbəri

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir S.Ağayeva/

Dağlıq Qarabağa müstəqilliyin verilməsi gələcək danışıqların mövzusu ola bilməz. Bunu jurnalistlərə bazar ertəsi ukraynalı həmkarı ilə birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Ermənilərin müstəqil Ermənistan dövləti var. Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi yalnız Azərbaycanın tərkibində muxtariyyət çərçivəsində ola bilər", - nazir qeyd edib.

Azərbaycanın XİN rəhbəri təəssüf hissi ilə qeyd edib ki, Almatıda keçirilən görüş nəticəsiz olub və Ermənistan imzalanması Bakı tərəfindən alqışlanan "3+2" formatında bəyanatla çıxış etməkdən imtina edib. "Bu günədək danışıqlar prosesində sirli heç bir şey qalmayıb. Danışıqların planı hamıya məlumdur və bu plan Torontodakı "Böyük səkkizliy"in sammitində prezidentlərin bəyanatı ilə təsdiqlənib", - Məmmədyarov vurğulayıb.

Rusiya, ABŞ və Fransa prezidentləri Dmitri Medvedev, Barak Obama və Nikola Sarkozi Kanadada "Böyük səkkizliy"in (G-8) sammiti çərçivəsində birgə bəyanat qəbul edərək hər iki tərəfin münaqişənin bir sıra prinsiplərə, o cümlədən Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana qaytarılması, Dağlıq Qarabağın təhlükəsizliyi və özünüidarəsi üçün təminat verən keçid statusu və Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək dəhliz kimi prinsiplərə əsaslanması zərurətini anlaması faktını irəliyə doğru mühüm addım sayıblar.

Bunlar yenilənmiş Madrid prinsiplərinin əsas müddəalarıdır: qalan iki rayonun beş ildən sonra azad olunması şərti ilə birinci mərhələdə yeddi rayondan beşinin azad edilməsi, kommunikasiyaların açılması (bu məsələdə Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi gündəmə gələcək), bərpa işlərinin keçirilməsi, qaçqınların öz evlərinə qayıtması, əhalinin təklükəsizliyini təmin etmək üçün sülhməramlı qüvvələrin yerləşdirilməsi, Dağlıq Qarabağa geniş özünüidarəetməni təmin edən aralıq statusunun verilməsi; və ancaq sonda, tərəflər arasında etibarın bərpa olunmasından sonra dinc şəraitdə Dağlıq Qarabağın son statusunu müzakirə etmək mümkün olacaq.

Məmmədyarovun sözlərinə görə, danışıqların detallarının elan edilməsi cəmiyyəti danışıqların gedişi barədə məlumatlandırmaqdan ibarət olub. "Bu, Ermənistan və Dağlıq Qarabağın erməni icması üçün çox həssas məsələdir", - Xİn rəhbəri vurğulayıb.

Nazirin sözlərinə görə, bununla belə, Azərbaycan danışıqları davam etdirməyə hazırdır, lakin danışıqların nəticələri erməni tərəfindən asılı olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti