...

Cənubi Qafqazda daimi sülhün olması üçün Dağlıq Qarabağ probleminin həlli önəmli şərtlərdən biridir - Türkiyənin Azərbaycandakı səfiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Oktyabr 2010 13:09 (UTC +04:00)
Cənubi Qafqazda daimi sülhün olması üçün Dağlıq Qarabaq probleminin həlli çox önəmli şərtlərdən biridir, - bunu bazar ertəsi Trend-ə eksklüziv müsahibəsində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıc bildirib.
Cənubi Qafqazda daimi sülhün olması üçün Dağlıq Qarabağ probleminin həlli önəmli şərtlərdən biridir - Türkiyənin Azərbaycandakı səfiri

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Cənubi Qafqazda daimi sülhün olması üçün Dağlıq Qarabaq probleminin həlli çox önəmli şərtlərdən biridir, - bunu bazar ertəsi Trend-ə eksklüziv müsahibəsində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıc bildirib.

"Cənubi Qafqazda daimi sülhün bərqərar olması üçün Dağlıq Qarabaq probleminin həlli çox önəmli şərtlərdən biridir. Türkiyənin Ermənistan ilə yürütüyü normallaşma prosesini, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərpası istiqamətində atılan addımların bir hissəsi kimi görmək lazımdır", - Kılıc deyib.

Trend-in arayışı: 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistan xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvaya rəsmi səfərindən sonra, Ankarada verdiyi açıqlamada bildirmişdi ki, bəzilərinin Türkiyə-Ermənistan əlaqələrinin Dağlıq Qarabağ problemindən ayrı olmasını söyləməsinə baxmayaraq, bu proses Dağlıq Qarabağ probleminin həlli ilə birbaşa əlaqəlidir.

Ermənistanın Konstitusiya Məhkəməsi bu il yanvarın 12-də 2009-cu il oktyabrın 10-u Türkiyə və Ermənistan xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən imzalanan Ermənistan-Türkiyə protokollarında ("Diplomatik münasibətlərin qurulmasına dair protokol" və "İkitərəfli əlaqələrin inkişafına dair protokol") əks olunan öhdəliklərin ölkənin əsas qanununa uyğun olduğunu təsdiq edib.

Ermənistanın Konstitusiya Məhkəməsi protokolları qəbul etdikdən sonra, Osmanlı İmperiyası zamanı 1915-ci il hadisələrini araşdıracaq ortaq komissiyaya ehtiyac olmadığını və Ermənistanın "soyqırım"ın qəbul edilməsi tələbindən heç vaxt əl çəkməyəcəyini bildirib.

Ermənistan prezidenti Serj Sarkisyan 2010-cu il oktyabrın 10-da Sürixdə imzalanmış "Diplomatik münasibətlərin qurulması haqqında protokol" və "İkitərəfli münasibətlərin inkişafı haqqında protokol"un ratifikasiya prosedurunun dayandırılması haqqında fərman imzalayıb. Prezidentin fərmanı ilə Ermənistanın xarici işlər nazirinə tapşırılıb ki, protokolların ratifikasiyasının dayandırılması haqqında Türkiyəni məlumatlandırsın.

Səfirin sözlərinə görə, ölkəsi Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesinın Dağlıq Qarabağ probleminin həlli istiqamətində müsbət təsir edəcəyinə və bu səylərə təkan verəcəyinə inanmaqdadır.

"Cənubi Qafqazın hazırkı münaqişə mühitindən qurtarması, stabillik və işbirliyi regionuna çevrilməsi bu bölgədəki bütün ölkələrin gələcəyi və bölgənin rifahı üçün önəmlidir. Cənubi Qafqazda belə bir mənzərənin olması region dövlətlərinin xeyrinə olacaq. Əks təqdirdə, regionda daimi sülh olmayacağı təqdirdə, normallaşma istiqamətində atılan addımların uzunmüddətli olmayacağını düşünürəm", - Kılıc əlavə edib.

Səfirin sözlərinə görə, Türkiyənin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı mövqeyində heç bir dəyişiklik olmayıb.

"Deyə bilərəm ki, bu məsələdə Azərbaycan ilə eyni fikri bölüşürük", - səfir deyib.

Trend-in arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti