...

Azərbaycan səfiri Fransa XİN rəhbərinə etiraz məktubu göndərib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2011 20:16 (UTC +04:00)
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov cümə axşamı Fransanın xarici işlər naziri Alen Jüppenə ölkə parlamentində "xalqların öz müqəddəratını təyinetmə hüququ təməl prinsipidir" deməsi ilə bağlı etiraz məktubu göndərib.
Azərbaycan səfiri Fransa XİN rəhbərinə etiraz məktubu göndərib

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov cümə axşamı Fransanın xarici işlər naziri Alen Jüppenə ölkə parlamentində "xalqların öz müqəddəratını təyinetmə hüququ təməl prinsipidir" deməsi ilə bağlı etiraz məktubu göndərib.

"Məktubda səfir Azərbaycan tərəfinin Fransa XİN rəhbərinin dediklərinə narazılığını bildirib və ondan izahatın verməsini tələb edib", - Trend-ə diplomatik missiyadan deyiblər.

Səfir Əmirbəyov Jüppenə görüşmək xahişi ilə də müraciət edib. "Jüppenin xarici səfərləri ilə bağlı ölkədə olmaması ilə əlaqədar onunla görüşmək mümkün olmayıb", - diplomatik missiyadan qeyd ediblər.

Səfiriliyin reaksiyasından sonra Fransa XİN cümə axşamı günün ikinci yarısında bəyanatla çıxış edib.

ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransanın Xarici İşlər Nazirliyinin rəsmi mövqeyi Helsinki Yekun Aktının və Rusiya, Fransa və ABŞ prezidentlərinin İtaliyanın Akvil və Kanadanın Muskok şəhərlərində "Böyük səkkizliy"in sammitində verdikləri bəyanatların tam dəstəklənməsindən ibarətdir. Bu barədə Fransa XİN-in Trend agentliyinə daxil olan məlumatında deyilir.

Fransa XİN-in bəyanatı xarici işlər naziri Alen Jüppenin dünən ölkə parlamentində "xalqların öz müqəddəratını təyinetmə hüququ təməl prinsipidir" deməsi ilə bağlı verilib.

Rusiya, Fransa və ABŞ prezidentlərinin 2009-cu il iyulun 10-da Akvildə və 2010-cu il iyunun 26-da Muskokda verdikləri bəyanat Azərbaycanın ərazi bütövlüyü prinsipini tam dəstəkləyib.

"ATƏT-in Minsk qrupu həmsədrlərinin dövlət rəhbərləri kimi Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransa prezidentlərinin irəliyə mühüm addım kimi hər iki tərəfin daimi nizamlamanın Helsinki Yekun Aktının prinsiplərinə və bizim 2009-cu il iyulun 10-da Akvildə "Səkkizlik qrupu"nun sammitində verdiyimiz bəyanatın müddəlarına əsaslanması faktını qəbul etmələri olub", - bəyanatda deyilir.

Onların arasında: Dağlıq Qarabağ ətrafında ərazilərin qaytarılması; Dağlıq Qarabağ üçün təhlükəsizlik və özünüidarəetməyə zəmanət verən aralıq status; Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz; Dağlıq Qarabağın gələcək son hüquqi statusunun onun əhalisinin öz iradəsini bildirməsi üçün hüquqi qüvvəyə malik yolla müəyyənləşdirilməsi; daxildə yerləri dəyişən şəxslərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtması hüququ; sülhməramlı əməliyyat daxil olmaqla, beynəlxalq təhlükəsizlik zəmanəti.

Fransa XİN agentliyə daxil olan rəsmi bəyanatında ATƏT-in Minsk qrupu həmsədrlərinin martın 9-da verdikləri bəyanata dəstəyini də bildirib.

"ATƏT-in Minsk qrupunun həmsədrləri martın 5-də Soçidə yüksək səviyyəli görüşdən əvvəl və sonra təmas xəttində atəşkəs rejiminin pozulması haqqında məlumatlardan dərin narahatdırlar. Belə ağlasığmaz aktlar təsdiq edilərsə, bu, tərəflərin güc tətbiqindən çəkinmək və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə səy göstərmək barədə öhdəlikləri ilə ziddiyyət təşkil edəcək", - məlumatda deyilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Səfirlik məsələni nəzarət altında saxlayır.

Xəbər lenti

Xəbər lenti