...

Rossana Boldi: Regionda sülhə nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsi tezliklə həll edilməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Oktyabr 2011 14:39 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır ki, regionda sülh və sabitlik bərpa edilsin. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda Milli Məclisin deputatları ilə görüşündə İtaliya Parlamentinin nümayəndə heyətinin rəhbəri, senator xanım Rossana Boldi deyib.
Rossana Boldi: Regionda sülhə nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsi tezliklə həll edilməlidir

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır ki, regionda sülh və sabitlik bərpa edilsin. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda Milli Məclisin deputatları ilə görüşündə İtaliya Parlamentinin nümayəndə heyətinin rəhbəri, senator xanım Rossana Boldi deyib.

Boldinin sözlərinə görə, İtaliya Parlamentində Dağlıq Qarabağ münaqişəsi tez-tez müzakirə olunur.

İtaliyalı deputat deyib ki, Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında vacib rola malikdir. Azərbaycanın bu rolunu yüksək qiymətləndirən Boldi bildirib ki, iki ölkə arasında münasibətlər inkişaf edir.

Azərbayanda səfərdə olan İtaliya Senatının nümayəndələri Milli Məclisin Azərbaycan-İtaliya əlaqələri üzrə işçi qrupunun nümayəndələri ilə görüşüblər.

İşçi qrupun Azərbaycan tərəfdən rəhbəri Azər Kərimli bu səfərin çox əlamətdar bir dövrə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə təsadüf etdiyini deyib.

Kərimli bildirib ki, İtaliya Parlamentində Cənubi Qafqazdakı vəziyyətlə, xüsusilə də Dağlıq Qarabağla bağlı qətnamənin qəbulu Azərbaycan tərəfindən yüksək qiymətləndirilir.

Kərimli bununla bağlı ikinci bir sənədin İtaliya Parlamentində təsdiq olunacağına inandığını bildirib.

Cümə günü İtaliya Parlamentinin İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin Bakıya səfəri başlayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti