...

Azərbaycanın hakim partiyası Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ehtimalının qaldığı fikrindədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Yanvar 2012 16:43 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin dinc yol və vasitələrlə nizama salınması ehtimalı hələ də qalır.
Azərbaycanın hakim partiyası Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ehtimalının qaldığı fikrindədir

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağ münaqişəsinin dinc yol və vasitələrlə nizama salınması ehtimalı hələ də qalır. Trend-in məlumatına görə, bunu jurnalistlərə çərşənbə günü Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilməsi gözlənilən görüşü ilə bağlı bildirib.

"Bu mənada, növbəti danışıqdan da gözləntimiz ondan ibarətdir ki, nəhayət, Ermənistan qeyri-konstruktiv mövqeyinə son qoyacaq və danışıqlar masası ətrafında ədalətli şəkildə münaqişənin nizama salınması ilə bağlı qərar qəbul edəcək", - Əhmədov deyib.

O qeyd edib ki, belə qərarı təkcə Azərbaycan ictimaiyyəti və cəmiyyəti deyil, Ermənistanın iqtisadi sıxıntılar və demoqrafik fəlakətlər içərisində yaşayan sadə insanları da gözləyir.

"Sadəcə, Ermənistanın həmin sadə insanları da öz siyasətçilərinin həyata keçirdiyi ağıllı olmayan siyasətin girovuna çevriliblər. Düşünürük ki, Ermənistan siyasətçiləri bunu dərk edəcək və münaqişənin nizama salınması üçün cəsarət tələb edən addımları ata biləcəklər. Gözləntilərimiz bundan ibarətdir", - o deyib.

Əhmədovun sözlərinə görə, bütövlükdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı həyata keçirdiyi siyasətdə münaqişənin dinc yolla həll olunması prioritet istiqamətdir.

Onun sözlərinə görə, danışıqların uzun müddət davam etməsinə baxmayaraq, onun potensialı tükənməyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti