...

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində qalması ehtimalının güclənməsi "seçki"nin ən mühüm nəticəsidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyul 2012 16:13 (UTC +04:00)
Separatçıların Dağlıq Qarabağda iyulun 19-da keçirdiyi "prezident seckiləri" yerli erməni əhalinin siyasi əhvali-ruhiyyəsini müəyyənləşdirdi.
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində qalması ehtimalının güclənməsi "seçki"nin ən mühüm nəticəsidir

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Separatçıların Dağlıq Qarabağda iyulun 19-da keçirdiyi "prezident seckiləri" yerli erməni əhalinin siyasi əhvali-ruhiyyəsini müəyyənləşdirdi.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Trend-ə bildirib ki, ilk dəfədir ki, "seçkilər"də iştirak edən əhalinin 50 faizindən azı fəaliyyətdə olan "prezident"ə səs verir və ya belə az səslə prezident "seçilir". "Seçici" siyahılarına 99 min nəfərin adı daxil edildiyi halda B.Saakyana cəmi 48 min "seçici" səs verib.

"Bu, təxminən 48 faiz deməkdir. Dağlıq Qarabağdakı mülki əhalinin əksəriyyəti fəaliyyətdə olan prezidentə səs vermədi. Qalib elan edilən B.Saakyana verilən 48 min səsin içərisində hərbçilərin də səsləri var. Dağlıq Qarabağdakı hərbçilərin sayı ilə bağlı açıqlanan rəqəm 22 mindir. Bu rəqəmin 30 min olduğunu da iddia edənlər var. Dağlıq Qarabağda olan hərbçilərin yalnız 2000 nəfəri Dağlıq Qarabağ erməniləridir. Qalan 20 (bəlkə də 28 min) min hərbçi Ermənistandan Qarabağa hərbi xidmət etməyə göndərilən Ermənistan vətəndaşlarıdır. B.Saakyanın 48 minlik səsindən 20 mini çıxsaq, qalan səslər müxalifətçi namizəd, hərbçi V.Balasanyanın səslərinə bərabər olacaq", - o deyib.

Politoloq hesab edir ki, əgər 28 mini çıxsaq, bu halda B.Saakyanın qazandığı səslərin sayı V.Balasanyanın səsindən az olur. B.Saakyan 2007-ci il "seçkilər"i ilə müqayisədə 11 min səs itirib.

"Müxalifətçi namizəd V.Balasanyanın fikrincə, Dağlıq Qarabağın daxilindəki vəziyyət o dərəcədə gərgindir ki, əhali 1923-cü ildə olduğu kimi Azərbaycanın tərəfinə keçə bilər. Həqiqətən 1923-cü ilin avqustunda Dağlıq Qarabağın statusuna dair referendum keçirilmiş və bu referendumda Dağlıq Qarabağın erməni əhalisi Azərbaycanın tərkibində qalmağa səs vermişdi. Sonradan bu qərarı Azərbaycan Kommunist Partiyasının Bürosu təsdiq olunmaq üçün Rusiya Kommunist (bolşevik) partiyasının Qafqaz Bürosunun təsdiqinə verdi. Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması ilə bağlı qərarı təsdiq etdi. Rusiya Kommunist (bolşevik) partiyasının Qafqaz Bürosunun üzvlərinin böyük əksəriyyəti ermənilər idi", - politoloq deyib.

Əhmədoğlunun fikrincə, V.Balasanyanın verdiyi bu bəyanat Dağlıq Qarabağın statusunun müəyyən olunması haqqında həqiqətin Ermənistan tərəfindən təsdiqi deməkdir. Çünki ermənilər tarixin o səhifəsini tamamilə unutdurmaq istəyirlər. Hərbçi V.Balasanyanın siyasi proseslərə qoşulması, "seçkilər"i uduzaraq müxalifətə keçməsi yaxın zamanlarda Dağlıq Qarabağdakı prosesləri Şərqi Timordakı proseslərə bənzədəcək.

Politoloqun sözlərinə görə, Dağlıq Qarabağdakı "seçkilər" orada yaşayan ermənilərin yerli erməni rəhbərliyinə, onların siyasi kursuna, o cümlədən Dağlıq Qarabağın müstəqilliyi və ya Ermənistana birləşməsi kursuna münasibətini üzə çıxardı. Yerli ermənilərin bu məsələlərə münasibəti Ermənistan və Dağlıq Qarabağa rəhbərlik edən quldurların və vasitəçilərin münasibətindən fərqlənir.

Xəbər lenti

Xəbər lenti