...

Qarabağ münaqişəsinin həllinə aparan yol

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Avqust 2014 17:36 (UTC +04:00)
Əvvəla bu gün dünyada gedən proseslər və proseslərin regiona təsiri birbaşa şəkildə özünü biruzə verir.
Qarabağ münaqişəsinin həllinə aparan yol

Azərbaycan, Bakı, 21 avqust /Trend/

Ayaz Salmanov - Siyasi elmlər üzrə fəlsəfə doktoru

Bu gün dünyada gedən proseslər və bu proseslərin Cənubi Qafqaz regionuna təsiri birbaşa şəkildə özünü biruzə verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bilavasitə iştirakçı olan Rusiyanın Ukraynaya qarşı yürütdüyü siyasət öz mənfi effektini göstərməkdədir. Belə ki, Avropa və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar atıq Rusiya iqtisadiyyatına ciddi təsir etməkdədir. Rusiyanın yeni bazar yaratmaq istəyi ilə qurmağa çalışdığı Gömrük İttifaqı isə bu gedişlə fiaskoya uğraya bilər. Rusiya üçün siyasi forpost və ucuz məhsullarını realizə edə biləcək bazar olan Ermənistanın Gömrük İttifaqına cəlb olunması həm siyasi, həm də iqtisadi bir addım idi. Lakin, istər Belarusiya, istər Qazaxıstan və istərsə də Rusiyanın özündən və əksinə məhsulların daşınması prosesi işi daha da çətinə salır. Belə ki, əsas açar mövqedə yerləşən Rusiyanın Ermənistanla sərhədləri yoxdur. Belə olan halda Rusiya və digər ölkələrdən məhsulların daşınması ya hava yolu, ya da üçüncü bir ölkənin ərazisinin tranzit kimi istifadə olunması ilə mümkün olacaqdır. Hava yolu ilə məhsulların daşınması çox baha başa gəldiyindən, Ermənistanla sərhəd olan Azərbaycan və Türkiyənin qarşılıqlı olaraq bu ölkəylə sərhədlərinin bağlı olması səbəbindən, məhsulların daşınması yalnız Gürcüstan ərazisində baş verə bilər.
Lakin, Gürcüstan-Rusiya sərhəddinin dağlıq və həmçinin sürüşmə zonası olması, ilin müəyyən aylarında havaların soyuq və qarlı olması, müəyyən aylarda isə sürüşmə prosesi ilə əlaqədar bağlı qalmasına səbəb olur. Belə olan halda Gürcüstan ərazisindən məhsulların daşınması da çətinə düşür.

Əslində elə Sovet dövründə də Ermənistana məhsulların daşınması üçün ən əlverişli ölkə Azərbaycan - Ermənistan ərazisindən keçən Ələt-Naxçıvan dəmir yolu olub. Bu gün bu yol işləsəydi və nəzərə alsaq ki, Ələtdə regionun ən böyük yük daşınma limanı qurulur, o zaman iqtisadi böhran içində boğulan Ermənistanın necə bir bəladan qurtula biləcəyini təsəvvür edə bilərik. İstər Rusiya, istərsə də Qazaxıstan üçün məhsulların məhz Azərbaycandan Ermənistana ötürülməsi iqtisadi cəhətdən daha sərfəli və daha sürətli başa gələ bilərdi.

Başa gələ bilərdi... Lakin, bu gün bu yol məhz Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, ərazilərini işğal etməsi nəticəsində bağlıdır və Azərbaycan yalnız və yalnız bu yolu münaqişənin Azərbaycan üçün səmərəli həlli müqabilində aça bilər.

Digər bir məsələ Gürcüstanın Avropa Birliyinə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində assosiativ üzvlük məsələsidir. Belə ki, Gürcüstanın bu üzvlük prosesi çox yaxın zamanda onu Avropanın bir hissəsinə-Şengen ölkələri siyahısına aid edəcəkdir. Əslində bu prosesin özü də Gürcüstanın Avropa üçün vacib strateji bir ölkə olmasından irəli gəlir. Belə ki, məhz bu yolla Avropa Rusiyaya növbəti zərbəsini endirəcəkdir. Gürcüstan və Ermənistan arasında viza rejiminə keçmək istəyi Avropanın və bilavasitə elə Azərbaycanın özünün Gürcüstana təsirinin nəticəsidir. Bu proses çox qısa zamanda baş verəcək və o zaman onsuzda iqtisadi cəhətdən kritik vəziyyətdə olan Ermənistan daha da acınacaqlı bir vəziyyətə düşəcəkdir. Bu proses həmçinin Rusiya iqtisadiyyatı üçün də ciddi təsirə səbəb olacaqdır.

Bu proseslərin fonunda Ermənistanın düşdüyü iqtisadi bataqlıqdan çıxması, Rusiyanın Gömrük İttifaqının sərhədlərini genişləndirməsi və öz iqtsadi vəziyyətini düzəltməsi və eləcə də beynəlxalq aləmdə yenidən nüfuz qazana bilməsi üçün Qarabağ münaqişəsinin həlli qaçılmaz bir hala cevrilir.

Bütün bu sadalanan məsələlər bir daha göstərir ki, Azərbaycan hökumətinin tutduğu xarici siyasi kurs çox doğru istiqamətdədir. Azərbaycanın ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşmış xarici siyasəti bu gün Cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Qərb və Rusiya arasındakı balanslaşdırılmış siyasət, iqtisadi cəhətdən möhkəmlənmə və qonşularla doğru siyasətin həyata keçirilməsi bu siyasətin çox yaxın zamanda öz bəhrəsini verəcəyinə və torpaqlarımızın düşmən tapdağından azad olacağına əminlik hissini günbəgün artırır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti