Azərbaycan, Bakı / Trend , müxbir D.Xatınoğlu/ Qəbələ RLS-dən ABŞ-Rusiyanın müştərək istifadə etməsi üzrə gedən müzakirələrə İran rəsmilərinin reaksiya verməməsinə baxmayaraq, müvafiq qərarlara qarşı etiaz edəcəyini gözləniləndir. "Lakin İran Qəbələ RLS məsələsinə söz səviyyəsində reaksiya verəcək və əməli xarakter daşıyan hər hansı addım atmayacaq", - deyə İran politoloqu Əhməd Zeydabadi (Ahmad Zeydabadi) bildirib.
Rusiya prezidenti Vladimir Putin iyun ayında rəsmi Vaşinqtona Polşa və Çexiyada Raket Əleyhinə Müdafiə Sistemləri (RƏMS) əvəzinə, Azərbaycanın Qəbələ RLS-ini birqə istifadə etməyi təklif edib. ABŞ Polşa və Çexiyada RƏMS quracağından imtina etməsə də, sentyabrin 18-də Amerika ekspertləri ,Rusiya və Azərbaycanla birgə, məlumat toplayıb müzakirə etmək üçün Azərbaycanda oldular.
İran politoloqu cümə axşamı Tehrandan telefonla Trend ə bildirib ki, Qəbələ RLS-dən ABŞ-Rusiyanın müştərək istifadə etmək niyyəti həyata keçirilsə, İran rəsmilərinin sərt reaksiyasına səbəb olacaq. "Əlbəttə, Rusiya, İranın yaxın müttəfiqi kimi, rəsmi Tehranın bu əməkdaşlığa verə biləcəyi mümkün sərt reaksiyaların qarşısını almağa çalışacaq. Rusiya İranı yaranmış reallığı qəbul etməyə razı sala bilər. Hesab edirəm ki, Qəbələ RLS-ə görə, İran-Azərbaycan əlaqələrinin gərginləşməsini gözləməyə dəyməz", - deyə Zeydabadi bildirib.
İran politoloqu düşünür ki, Vaşinqton Rusyanın Qəbələ RLS təklifinə maraq göstərsə də, bu, ABŞ-ın Şərqi Avropa ölkələrində əlavə RƏMS yerləşdirməsinə mane olmayacaq. "Əlbəttə, ABŞ-ın Şərqi Avropada RƏMS quraşdırmasının səbəbi təkcə İran deyil. ABŞ-ın planlarında Rusiya və hətta Çinin əleyhinə də ola bilər. Ancaq bu,hələlik ehtimal edilir", - deyə, Zeydabadi qeyd edib.
Onun fikrincə, Qəbələ RLS ABŞ-a, Orta Şərq və xüsusilə İran tərəfindən mümkün raket hücumlarının qarşısını almaq üçün lazımdır. Bu müzakirələrin nə dərəcədə uğurlu nəticə verəcəyi hələ bəlli deyil. Çünki ABŞ-Rusiya hələlik ortaq məxrəcə gəlməyiblər.
"Rusiya, hələlik, İranın ən yaxın müttəfiqidir. Təbii ki, İran Qəbələ RLS-dən ABŞ və Rusiyanın birgə istifadəsinə etirazinı bildirəcək. Ancaq, bu etirazlar Azərbaycana ziyan vura bilməz. Rusiya İranı bu məsələ ilə barışmağa məcbur edəcək. Rəsmi Tehran reallıqda bu məsələ ilə barışmaq məcburiyyətindədir və İranın bu məsələyə əməli etirazı Tehranın xeyrinə deyil"- deyə, İranlı politoloq əlavə edib.