...

Türk dövlətlərinin dəstəyi Şimali Kipr üçün çox vacibdir- prezident (video)

Siyasət Materials 17 Noyabr 2007 13:20 (UTC +04:00)
Türk dövlətlərinin dəstəyi Şimali Kipr üçün çox vacibdir- prezident (video)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ilhamqızı, E.Hüseynli/ Şimali Kipr Türk Respublikasının prezidenti türk dövlətlərindən dəstək istəyib. "Təəssüf ki, dünya birliyi Dağlıq Qarabağ problemi kimi, kiprli türklərin də problemlərini görmür"- şənbə günü Türk Dövlətlərinin Bakıda keçirilən XI Qurultayında çıxışında Şimali Kipr Türk Respublikasının prezidenti Mehmət Əli Tələt bildirib.

Bu gün Bakıda türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı işinə başlayıb. Qurultayda 30 ölkədən 550 nəfərədək qonaq, həmçinin Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kiprin prezidenti və türkdilli dövlətlərin yüksək hökumət nümayəndələri iştirak edirlər. Qurultayın məqsədi türk dövlət və cəmiyyətləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onlar arasında informasiya mübadiləsini və bir-birlərini daha yaxından tanımalarını təmin etmək, türk mədəniyyətinin zənginliklərini təbliğ etmək, iqtisadi inkişaf sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirən tədbirlər görmək və türk xalqlarının ümumi problemlərinin həlli yollarını birlikdə araşdırmaqdır.

Prezident bildirib ki, türklər xarici dövlətlərin rəsmilərini Şimali Kiprə dəvət etsə də, yunanlar buna qarşı çıxırlar, şantaj həyata keçirirlər. Tələt deyib ki, türk dövlətlərinin dəstəyi Şimali Kipr üçün çox vacibdir. "Biz yalnız öz haqqımızı istəyirik və başqasının haqqını əlindən almaq niyyətində deyilik. Bizim haqqımızı da almalarına izn verməyəcəyik"- Tələt əlavə edib.

1960-cı ildə Kiprdə yunanlar və türklər bərabər şəkildə iqtidar və müxalifətli hökumət yaradıblar. 1963-cü ildə yunanlar adanı bütövlükdə ələ keçirmək üçün mübarizəyə başlayandan sonra, birgə idarəçilik sona çatıb. 1974-cü ildə Kiprin Yunanıstana birləşdirilməsi cəhdi olub. Türkiyənin müdaxiləsindən sonra, bunun qarşısı alınıb.

Xəbər lenti

Xəbər lenti