Azərbaycan, Bakı, 24 yanvar/ Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın müxalif Demokrat Partiyası (ADP) öz namizədi ətrafında blok yaradacaq. "Biz seçkidə iştiraka qərar vermişik və niyyətimiz var ki, öz namizədimiz ətrafında blok yaradaq", cümə axşamı Trend ə ADP sədri Sərdar Cəlaloğlu bildirib.
Azərbaycanda prezident seçkisi oktyabrda keçiriləcək. Müxalifət partiyalarından Müsavat və ADP seçkidə iştirak etmək niyyətlərini açıqlasa da, Xalq Cəbhəsi, Liberal və Vətəndaş və İnkişaf partiyalarını özündə cəmləyən "Azadlıq" bloku seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılmayacağı təqdirdə, boykot barədə qərar çıxaracaqlarını bəyan edib. ADP yeni ideya- müxalifətin koalision komandasının yaradılmasını təklif edib.
Cəlaloğlu deyib ki, müxalifətin koalision komandasının yaradılmasının nə dərəcədə real olacağını gələcək göstərəcək. Bu, baş verməsə, ADP öz namizədi ətrafında blok formalaşdıracaq. "Əməkdaşlıq məsələsində əsasən ADP ilə eyni mövqedə duran partiyalara üstünlük veriləcək. Ölkənin problemlərinə bizim kimi baxışları yaxın olan, konstruktiv müxalifətçilik edən qüvvələrin hamısı ilə əməkdaşlıq edə bilərik", Cəlaloğlu əlavə edib.
ADP ötən ilin əvvəllərində radikal müxalifətçilikdən imtina edib və hakimiyyətlə dialoqa getmək barədə qərar verib. Partiya bu ilin oktyabr ayında keçiriləcək seçkidə iştirak edəcək namizədinin adını fevralın sonlarında açıqlayacaq.
Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.