...

Azərbaycan deputatları erməni həmkarları ilə görüşə müəyyən şərtlər daxilində razıdırlar

Siyasət Materials 11 Fevral 2008 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / " , müxbir İ.Əlizadə/ Azərbaycan Ermənistanı təmsil edən deputatların iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair konfransın keçirilməsnə müəyyən şərtlər daxilində razıdır. "Biz Azərbaycan və Ermənistan deputatlarının iştirakı ilə konfransın keçirilməsinə etiraz etmirik. Lakin bununla bağlı bir sıra şərtlərimiz var. Keçirilməsi planlaşdırılan konfransda yalnız Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın taleyi ilə bağlı müzakirələr aparılmalıdır" - deyə bazar ertəsi Trend ə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov bildirib.

AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin sədri, böyük britaniyalı deputat lord Rassel Conston ötən həftə Azərbaycana və Ermənistana səfər edib. Alt Komitənin sədri aprel ayında iki ölkəni təmsil edən deputatların iştirakı ilə Strasburqda konfransın keçirilməsi məsələsini müzakirə edib.

"AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin sədri, lord Rassel Consonun təklifi ilə Ermənistan və Azərbaycan nümayəndə heyətləri və ya millət vəkilləri arasında görüş keçirilməsinə etiraz etmirik. Əksinə, konfransın təşkil olunmasında iştirak etməyə hazırıq. Ancaq konfransda Ermənistan-Azərbaycan parlamentləri arasında əlaqələrin qurulması, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması yox, münaqişənin həlli yollarının tapılması müzakirə olunmalıdır" -deyə Seyidov əlavə edib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

AŞPA 2005-ci ilin yanvarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1416 saylı qətnamə qəbul edib. Qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi qeyd olunub və münaqişənin həlli ilə bağlı təkliflər əks olunub. AŞPA-da sənədin həyata keçirilməsinə nəzarət etmək üçün Alt Komitə yaradılıb.

Seyidov hesab edir ki, Azərbaycan və Ermənistan deputatlarının Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etmək üçün görüşməsi normal haldır.

"Biz istəsək də, istəməsək də beynəlxalq münasibətlərin iştirakçısıyıq. Azərbaycanın ATƏT, NATO parlament assambleyalarında, Avropa Parlamentində və digər təşkilatlarda təmsil olunan deputatları da erməni deputatları ilə görüşürlər. Biz erməni deputatları ilə iqtisadi əlaqələrlə bağlı müzakirələr aparmırıq. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar, bunun necə və hansı formada mümkün olması ilə bağlı müzakirələr aparırıq. Ona görə də bizim erməni deputatları ilə görüşməyimizdə qeyri-adi və qəbahətli heç nə yoxdur" - deyə nümayəndə heyətinin rəhbəri bildirib.

Onun fikrincə, bəzi qüvvələr erməni deputatları ilə görüşməyə populist və məntiqsiz yanaşırlar. Seyidov qeyd edib ki, bu məsələdə qəbahət axtaranlar reallığı düzgün qiymətləndirə bilməyən şəxslərdir " - deyə nümayəndə heyətinin rəhbəri əlavə edib.

Xəbər lenti

Xəbər lenti