...

Azərbaycan prezidenti Balakən rayonunda bir sıra obyektlərin açılışında iştirak edib

Siyasət Materials 19 Sentyabr 2008 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 19-da Balakən rayon mərkəzinə (paytaxt Bakıdan 420 kilometr şimal-qərbdə) çəkilmiş su xəttinin açılış mərasimində iştirak edib. Dövlət başçısı düyməni basmaqla su xəttini işə salıb.

Tikintisinə 2006-cı ilin mayında başlanmış su xəttinin uzunluğu 13,6 kilometrdir. Siltik çayından 319 millimetrlik polad borularla çəkilən su xəttinin üstündə təmizləyici qurğu, hər birinin tutumu 1000 kubmetr olan 12 su anbarı tikilib. Dövlət Neft Şirkətinin vəsaiti ilə çəkilmiş su xətti yeni tikilməkdə olan xəstəxana kompleksini, şəhərin yeni yaşayış massivini içməli su ilə təchiz edəcək. Tikintiyə 4 milyon manat vəsait xərclənib.

Bundan öncə prezident Balakən rayonundakı Heydər Əliyev adına parkda ulu öndərin abidəsini ziyarət edib. Postamentlə birlikdə hündürlüyü 14 metr olan tunc heykəlin müəllifləri Akif Əsgərov və Cəlil Hüseynovdur.

İlham Əliyev və xanımı Mehriban Əliyeva abidə önünə gül dəstələri qoyublar, parkı seyr ediblər.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkı şəhərin ən səfalı guşəsində - Balakən çayının sahilində yerləşir. 24 hektar sahəsi olan parkda geniş yaşıllıq işləri aparılıb, 4 mindən çox ağac, 5 minə yaxın dekorativ gül və kol əkilib. Parkın ən hündür yerində ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi ucaldılıb. Parkın ərazisində Heydər Əliyev muzeyi, Veteranlar evi, Nikah evi, xidmət obyektləri tikilib, fəvvarə quraşdırılıb. Ərazidə respublikada oxşarı olmayan 1200 metrlik buraz yolu inşa edilib. Altı kabinəli buraz yolundan saatda 216 nəfər istifadə edə bilər. Yolun texniki avadanlığı Avstriyadan alınıb, qurğuya xidmət tam kompyuterləşdirilib. Parkda tikilmiş beşmərtəbəli mehmanxana binasında isə son tamamlanma işləri aparılır.

Parkın qarşısındakı meydanda 72 metr hündürlükdə Azərbaycanın dövlət bayrağı dalğalanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti