...

Avropa İttifaqının PKK ilə bağlı hesabatı reallıqlara uyğun deyil

Siyasət Materials 14 Noyabr 2008 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr/ Trend , müxbir B. Həsənov/Avropa İttifaqının PKK probleminin həlli ilə bağlı irəli sürdüyü və Türkiyənin PKK terrorçularını əfv edən qanun qəbul etməsini nəzərdə tutan təklifi bu problemin həll yolu ola bilməz.

"Bu gün PKK ilə silahlı toqquşmaların davam etdiyi bir vaxtda ümumi əfv qanununun çıxarılması məqsədəuyğun olmaz və belə bir qanun haqqında danışmaq çox tezdir", - deyə Beynəlxalq Böhran Qrupunun Türkiyə üzrə eksperti Hugh Pope çümə axşamı günü telefonla İstanbuldan Trend -a bildirib.

Avropa Ittifaqı PKK haqqında hesabat hazırlayıb. Hesabatda PKK probleminin həlli yolu kimi Türkiyədə bu terror təşkilatının bütün üzvlərinə şamil edilən ümumi əfv qanununun qəbul olunması təklif olunur. Bu barədə Türkiyənin "Timetürk" informasiya agentliyi noyabrın 13 - də məlumat verib.

1970 - ci illərin sonlarında qurulan PKK terror təşkilatı 1980 - ci illərdən Türkiyə ərazisində dinc sakinlərə və hərbi qüvvələrə qarşı tez -tez terror aksiyaları həyata keçirir. Terror təşkilatının əsas məqsədi Türkiyənin kürdlər yaşayan cənub - şərq bölgəsini Türkiyədən ayıraraq, kürd dövləti qurmaqdır.

Türkiyə Silahlı Qüvvələri bu günədək PKK əleyhinə Türkiyədə və Şimali İraqda hərbi əməliyyatlar həyata keçirir.

Türkiyə PKK terror təşkilatına qarşı mübarizə aparmaq üçün hərbi əməliyyatlarla yanaşı, başqa tədbirlər də həyata keçirib. PKK - nın lideri Abdulla Öcalanı uzun müddət təqib edən Türkiyə təhlükəsizlik xidməti orqanları 1999 - cu ilin fevralında onu həbs etməyə müvəffəq oldular. Öcalanın həbs olunması PKK - nın fəaliyyətinə ciddi zərbə vursa da, bu təşkilatın Türkiyə ərazisində həyata keşirdiyi terror aksiyaları hələ də davam edir.

Təqaüddə olan türkiyəli general Ərməğan Kuloğlu Avropa İttifaqının hazırlanan hesabatda irəli sürdüyü həll variantını PKK-nın fəaliyyətlərini siyasi müstəviyə çəkmək cəhdləri kimi qiymətləndirdi. Kuloğlu hesab edir ki, bu cür heasabatlar Türkiyə daxilində PKK -nın amallarını siyasi arenada həyata keçirmək istəyənləri "cəsarətləndirmək" məqsədi daşıyır. "Hesabatın məqsədi Türkiyəni siyasi idarəetmə baxımından bölməkdir", - deyə Kuloğlu telefonla cümə günü Ankaradan Trend - a bildirib.

Tanınmış türkiyəli ekspert Fikrət Ərtan PKK terrorçularını əfv edən qanun qəbul etməklə, problemin həllinin mümkün olmadığını bildirib. "Əvvələr də buna bənzər qanunlar qəbul edildi, lakin PKK silahı yerə qoymadı və bundan sonra da qoyacağı inandırıcı görünmür",- deyə Ərtan cümə günü İstanbuldan telefonla Trend -a bildirib. Ekspertin sözlərinə görə, bu cür hesabatlar Avropada PKK-ya rəğbət bəsləyən qüvvələr tərəfindən hazırlanır. "Belə heasabatlar Avropa İttifaqındakı bəzi qüvvələr tərəfindən Türkiyəyə təzyiq göstərmək məqsədilə gündəmə gətirilir", -deyə Ərtan əlavə edib. Hugh Pope hesab edir ki, bu gün PKK terrorçularını əfv etmək yox, kürdlərin mədəni haqlarını daha da genişləndirmək Türkiyənin kürd probleminin həllinə daha çox kömək edə bilər.

PKK sıralarında 5 - 6 min terrorçunun olduğu bildirilir. PKK - nın həyata keçirdiyi terror aksiyaları nəticəsində, bu günədək Türkiyədə 30 mindən çox dinc sakin qətlə yetirilib.

"Bu qədər cinayətlər törədən PKK terrorçularını kim əfv edə bilər?", - deyə Kuloğlu bildirib.

Xəbər lenti

Xəbər lenti