...

Türkiyə Yaxın Şərqdəki gücünü Aİ-na üzvlük prosesində vasitə kimi istifadə etməyə çalışır

Siyasət Materials 22 Yanvar 2009 09:00 (UTC +04:00)
Türkiyə Yaxın Şərqdəki gücünü Aİ-na üzvlük prosesində vasitə kimi istifadə etməyə çalışır

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir B.Həsənov/ Türkiyə Yaxın Şərqdə getdikcə artan siyasi nüfuzunun əhəmiyyətinə arxalanaraq, Avropa İttifaqına (Aİ) üzvlük prosesindəki çətinlikləri dəf etməyə çalışır.

"Ankaranın Yaxın Şərqdə daha fəal rol oynamasını onun Aİ-dən üz döndərməsi kimi yox, əksinə Aİ-yə üzvlük prosesini asanlaşdırmaq üçün daha çox vasitələr əldə etməsi kimi başa düşmək lazımdır", - deyə Avropa Siyasət Araşdırmaları Mərkəzinin (The Center for European Policy Studies) eksperti Zeynep Yanaşmayan çərşənbə günü Brüsseldən telefonla Trend -a bildirib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Brüsseldə keçirdiyi mətbut konfransında bildirib ki, Ankaranın səylərinə rəğmən Aİ danışıqlar prosesini sürətləndirməzsə, Türkiyə heç nə itirməyəcək, itirən tərəf Aİ olacaq. Ərdoğan bu itkinin qarşısını almaq üçün Qərb və İslam mədəniyyətlərinin əməkdaşlığı layihəsini həyata keçirdiklərini bildirib. Bu barədə Türkiyənin "Haber 7" informasiya agentliyi məlumat verib.

Türkiyə ilə Aİ arasındakı əlaqələr 1964-cü ildə imzalanmış Ankara müqaviləsi ilə başlayıb. Aİ 2002-ci ildə müəyyənləşdirdiyi Kopenhagen meyarlarının Türkiyənin üzvlüyü üçün əsas olduğunu bildirmişdi. Bu tarixdən başlayaraq, Türkiyə tərəfi bu meyarlara uyğun ciddi hüquqi, siyasi və iqtisadi islahatlar həyata keçirib. 2005-ci ildən Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı tərəflər rəsmi müzakirələrə başlayıb. Bəzi ekspertlər son bir ildə Türkiyənin Yaxın Şərq və Qafqaz siyasətində daha da fəallaşdığı halda Aİ-yə üzvlük üçün islahatların həyata keçirilmə prosesində ciddi durğunluq olduğunu hesab edirlər.

Yanaşmayan hesab edir ki, Ərdoğanın Avropa İttifaqının mərkəzi olan Brüsselə son səfəri Türkiyənin Aİ-yə verdiyi əhəmiyyəti göstərmək məqsədi daşıyır. Ekspertin fikrincə, Türkiyə Yaxın Şərqdəki rolunu gündəmə gətirərək özünün nə qədər nüfuzlu ölkə olduğunu Aİ-yə nümayiş etdirməyə və beləliklə də üzvlük prosesini daha asan və sürətli keçməyə çalışır.

Türkiyəli ekspert Bülent Aras da Ankaranın Yaxın Şərq və Aİ siyasətinin koordinasiyalı olduğunu hesab edir. Ekspertin fikrincə, Türkiyə hazırda Aİ üçün kəsb etdiyi əhəmiyyəti vurğulamağa çalışır. "Son Qəzzə hadisələrində Türkiyə bütün Avropa ölkələrindən daha effektli siyasət yürütdü və Ərdoğan da Brüsseldə Türkiyənin bu əhəmiyyətini Avropanın nəzərinə çatdırmaq istəyib", - deyə İstanbuldakı İşıq Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Aras çərşənbə günü İstanbuldan telefonla Trend -a bildirib.

Avropalı Ekspert Magnus Karaveli hesab edir ki, hazırda Türkiyəni təmsil edən Ədalət və İnkişaf Partiyası (AKP) islamçı partiyadır və AKP-nin getdikcə Yaxın Şərq ölkələrinə və buradakı islamçı qüvvələrlə yaxınlşmasını gözləmək mümkündür. Ekspertin fikrincə, həm AKP hökuməti, həm də Aİ qarşılıqlı münasibətləri davam etdirməkdə maraqlı olsalar da, tərəflərdən heç biri Türkiyənin Aİ-yə üzvlük məsələsinə əslində səmimi yanaşmırlar. "Aİ ilə yaxşı münasibətlərdə olmaq və bu beynəlxalq quruma üzvlüyə önəm verdiyini göstərmək daxili siyasətdə AKP-nin gücünü artırır", - deyə İsveçdəki Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun tədqiqatçısı Karaveli çərşənbə günü Stokholmdan telefonla Trend -a bildirib.

Karaveli hesab edir ki , Aİ də öz növbəsində üzvlüklə bağlı Ankara ilə danışıqları davam etdirməklə Türkiyənin daxili məsələlərinə müdaxilə etmək imkanı əldə edir.

Son bir ildə Ankaranın Aİ-yə üzvlük prosesində passivlik göstərməsi ilə bağlı tənqidlərdən sonra hökumət keçən həftə Aİ ilə danışıqları davam etdirmək üçün ayrıca bir nazirlik yaradıb.

Xəbər lenti

Xəbər lenti