...

Gürcüstandakı müharibə Cənubi Qafqaz ölkələri ilə Aİ arasındakı münasibətləri möhkəmləndirib - Avropa İttifaqının nümayəndəsi

Siyasət Materials 23 Fevral 2009 13:45 (UTC +04:00)

"Gürcüstanda faciə və dramlarla yanaşı, praktiki problemlərlə müşayiət olunan müharibə Cənubi Qafqaz ölkələri ilə Aİ arasındakı münasibətləri də möhkəmləndirib", - Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Piter Semnebi hesab edir.

"Bu müharibədən sonra Aİ-dən çoxlarına aydın oldu ki, Qafqazdakı təhlükəsizlik məsələləri Aİ-yə birbaşa təsir edir və Avropa İttifaqının regiondakı ölkələrlə - istər ikitərəfli, istərsə də regional əməkdaşlığın stimullaşdırılması yolu ilə daha sıx münasibətlər qurması vacibdir", - Mediamaks agentliyinə müsahibəsində Semnebi bildirib.

"Bu, Cənubi Qafqaz ölkələri, Ukrayna, Belarus və Moldovanın cəlb ediləcəyi Aİ-nin "Şərqi tərəfdaşlığı" təşəbbüsünün yaradılması təklifi üçün təməl rolunu oynayacaq",  - o qeyd edib.

Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Rusiya avqustun 26-da Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini tanıyıb, sentyabrın 9-da isə onlarla diplomatik münasibətlər qurub. Buna cavab olaraq Tbilisi Moksva ilə diplomatik əlaqələri dayandırıb.

Avropa komissiyası 2008-ci il dekabrın 4-də Polşa və İsveçin təşəbbüsünü dəstəkləyərək altı postsovet ölkəsi ilə daha sıx əməkdaşlığı nəzərdə tutan, Aİ-nin yeni "Şərq tərəfdaşlığı"nı qəbul edib. Bu tərədaşlıq çoxmillətli forum görünüşünə malik olacaq və buraya 27 Aİ ölkəsi, eləcə də Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan və Belarus daxil olacaq.

Bu təşkilatın çərçivəsində vizaların aradan qaldırılması, azad ticarət zonalarının tətbiqi və strateji razılaşmaların imzalanması haqda danışıqlar aparılacaq. Bununla yanaşı, tələbə mübadiləsi, ətraf mühitin mühafizəsi və enerji təchizatı kimi kiçik layihələr də həyata keçiriləcək.

"Aİ və onun tərəfdaşları hələ Avropa Qonşuluq Siyasətinin (AQS) imkanlarından tam yararlana bilməyib və bu, perspektivlər sırasında yeni elementlər olan çox müsbət addımdır", - Semnebi qeyd edib.

Onun sözlərinə görə, "Şərq əməkdaşlığı" Aİ ilə daha möhkəm ikitərəfli əlaqələr və əvvəllər ümumiyyətlə olmayan regional əməkdaşlıq perspektivlərinin yaradılmasını nəzərdə tutur. İkitərəfli əlaqələr assosiativ müqavilələr şəklində daha möhkəm siyasi öhdəlikləri nəzərdə tutur", - o hesab edir.

"Söhbət azad ticarətə sadiq qalmaq, fəaliyyət azadlığının gücləndirilməsi və müxtəlif istiqamətlərdə daha inkişaf etmiş əməkdaşlıqdan gedir", - Semnebi bildirib.

Onun sözlərinə görə, regional komponent qonşu ölkələrin birgə maraqlarına cavab verəcək bir neçə sahədə əməkdaşlıq platformalarından ibarət olacaq.

"Əlbəttə, konkret ölkələrin imkan və istəklərindən asılı olaraq dərəcələr üzrə təsnifatın yüksək səviyyəsi saxlanılacaq", - Semnebi əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti