...

Azərbaycan-Türkiyə münasibətlərini mübahisə mövzusu etməyə heç kimin haqqı yoxdur – Rəcəb Tayyib Ərdoğan (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 13 May 2009 16:27 (UTC +04:00)
Azərbaycan-Türkiyə münasibətlərini mübahisə mövzusu etməyə heç kimin haqqı yoxdur – Rəcəb Tayyib Ərdoğan (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan-Türkiyə münasibətlərini mübahisə mövzusu etməyə heç kimin haqqı yoxdur, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində (Parlament) çıxışı zamanı bildirib.

"Təəssüflər olsun ki, son zamanlar Türkiyə-Azərbaycan qardaşlığını pozmaq istəyənləri gördük. Erməni mətbuatı Türkiyənin Ermənistanla şərt qoymadan münasibətləri quracağını bildirib. Bu, böhtandır, yalandır. Kimə inanmaq lazımdır, erməni mətbuatına, yoxsa bir dövlətin Baş naziri və Prezidentinə? Mən dəfələrlə demişəm və indi də deyirəm ki, Türkiyə heç zaman Dağlıq Qarabağdan vaz keçməyəcək", - deyə Ərdoğan bildirib.

Trend -un arayışı: Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın çərşənbə günü Bakıda təkbətək görüşü olub.  

Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə hazırki vəziyyəti və perspektivi, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib.

Türkiyənin Baş naziri Ərdoğan çərşənbə axşamı gecə Bakıya gəlib. Ərdoğanı Bakı səfərində həyat yoldaşı Əminə Ərdoğan, dövlət naziri Zəfər Çağlayan, xarici işlər naziri Əhməd Davudoğlu, mədəniyyət və turizm naziri Ərtoğrul Günay, enerji və təbii ehtiyatlar naziri Tanər Yıldız, nəqliyyat naziri Binəli Yıldırım müşayiət edir.

Türkiyənin Baş naziri Azərbaycana səfəri çərçivəsində çərşənbə günü ilk öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Daha sonra Baş nazir Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların məzarını və türk əsgərlərinin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib.

Ərdoğan Parlamentdə çıxışı zamanı deyib ki, Türkiyə-Ermənistan sərhədi Dağlıq Qarabağ işğalına görə bağlanıb, işğal bitəndən sonra sərhəd açıla bilər.

"Biz Azərbaycandan fərqli düşünə bilmərik. Bir millət, iki dövlət anlayışı bizim üçün prinsipialdır və biz bundan vaz keçmirik. Qafqaz çox strateji regiondur və bu regionda olan problemlər çox təhlükəlidir. Rusiya ilə Gürcüstan arasında olan münaqişə buna bir misaldır. Qafqazda barış çox önəmlidir", - Türkiyənin Baş naziri əlavə edib.

Ərdoğan bildirib ki, Türkiyənin Qafqazda hədəfi Azərbaycanla eynidir.

"Ermənistan Türkiyə münasibətləri davam etdirilərkən, Yerevan və Ankara deyil, eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşması üçün çalışırıq. Hər dəfə biz Azərbaycanı bu barədə məlumatlandırırıq", - Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Prezidenti Barak Obamanın İstanbula səfəri zamanı Türkiyə ilk növbədə Dağlıq Qarabağ probleminin həllini istədi və bununla da Qarabağ məsələsi ABŞ-ın gündəminə gətirildi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti